Yuxarı

​Azərbaycan baş konsulunun Ermənistanın dezinformasiya cəhdlərinə qarşı məqaləsi ABŞ mətbuatında dərc olunub

“Ermənistan-Azərbaycan münaqişəsi: məkrli təbliğatın rolu” adlı məqalə Ermənistanın və erməni lobbisinin yalanlarını ifşa edib

Bakı. 20 may. REPORT.AZ/ Azərbaycanın Los-Ancelesdəki baş konsulunun Ermənistanın dezinformasiya cəhdlərinə qarşı məqaləsi ABŞ mətbuatında dərc olunub.

"Report" xəbər verir ki, ABŞ-ın tanınmış mətbu orqanlarından olan “Daily Caller” qəzetinin 19 may tarixli sayında Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevin məqaləsi dərc olunub. “Ermənistan-Azərbaycan münaqişəsi: məkrli təbliğatın rolu” adlı məqalə Ermənistanın və erməni lobbisinin dezinformasiya və ictimaiyyəti aldatma fəaliyyətlərini hədəf alıb.

Aprel ayının əvvəllərində Ermənistan ordusunun Azərbaycana qarşı törətdiyi silahlı təxribata diqqət çəkən diplomat, münaqişənin həllində davamlı sülhə nail olmaq üçün dezinformasiya və məkrli təbliğat cəhdlərinin yolverilməz olduğunu vurğulayıb. Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən işğala və etnik təmizləməyə məruz qaldığını bildirən baş konsul qeyd edib ki, münaqişənin başlanğıcından bu günə qədər Ermənistan və ermənipərəst qüvvələr tərəfindən məqsədli şəkildə dövriyyəyə buraxılan əsassız iddialar, o cümlədən beynəlxalq ictimaiyyəti çaşdırmağa hesablanmış "miflər" Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həllinə ciddi şəkildə mane olur.

Bu səpkidə, diplomat, konkret faktlara istinadən, ermənipərəst iddiaların əsassızlığını aydın şəkildə göstərən məqamları diqqətə çatdırıb. N.Ağayev bildirib ki, hər nə qədər erməni təbliğatçıları dünyanın müxtəlif yerlərində artmaqda olan islamafobiyadan istifadə edərək, Ermənistan-Azərbaycan münaqişəsini müsəlman-xristian qarşıdurması kimi qələmə verməyə çalışsalar da, bunlar Azərbaycan reallığını qətiyyən əks etdirmir. Müəllif, Azərbaycanda müxtəlif dinlər və xalqlar arasında qədim dövrlərdən indiyə qədər qarşılıqlı etimad və qardaşlıq əlaqələrinin hökm sürdüyünü vurğulayıb, dünyəvi prinsiplər əsasında təsis edilən ölkədə müsəlman, xristian, yəhudi və digər etiqad daşıyıcılarının sülh və əmin-amanlıq şəraitində birgə yaşamasından bəhs edib.

Eyni zamanda, baş konsul Qarabağın əzəli Azərbaycan torpağı olmasını, bölgədəki erməni azlığının sayının 19-cu əsrdə ermənilərin Yaxın Şərqdən bura kütləvi köçürülmələri nəticəsində süni şəkildə artırılmasını tarixi faktlarla diqqətə çatdırır. N.Ağayev bildirib ki, bu ərazilər, erməni təbliğatının təlqin etdiyi kimi, qondarma “Dağlıq Qarabağın özünümüdafiə qüvvələri” tərəfindən deyil, məhz Ermənistan tərəfindən işğal olunub. Bu səpkidə baş konsul 2015-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) “Çiraqov Ermənistan əleyhinə” işinə dair qərarından söz açır və əlavə edir ki, bu qərar, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılığı sübuta yetirən önəmli beynəlxalq hüquqi sənəddir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi