Yuxarı

Azərbaycanın Küveytdəki səfiri bu ölkənin əmiri və XİN rəhbəri ilə görüşüb

Tural Rzayevin diplomatik missiyası başa çatıb

Bakı. 13 yanvar. REPORT.AZ/ Küveyt Dövlətinin əmiri Şeyx Sabah Əl-Əhməd Əl-Sabah Azərbaycanın bu ölkədəki səfiri kimi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar səfir Tural Rzayevi qəbul edib.

Azərbaycanın Küveytdəki səfirliyindən "Report"a verilən məlumata görə, görüş əsnasında, dövlət başçısı Küveyt ilə Azərbaycan arasında istər ikitərəfli əsaslarda, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın yüksək səviyyəsindən məmnunluğunu bildirib, əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu, münasibətlərin gələcək illərdə də uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.

Daha sonra, əmir Azərbaycan Prezidenti İlham Əliyevə səmimi salamlarının və bütün Azərbaycan xalqına rifah, inkişaf və tərəqqi barədə arzularının çatdırılmasını xahiş edib, səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Səfir Tural Rzayev, öz növbəsində, Azərbaycan Prezidentinin şəxsən əmir Şeyx Sabah Əl-Əhmədə və dost Küveyt xalqına ünvanladığı salamlarını və xoş arzularını çatdırıb, Respublika rəhbərliyinin iki ölkə arasında əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini qeyd edib.

Daha sonra, səfir Küveyt Dövlətinin beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanın ədalətli mövqeyinə göstərdiyi dəstəyə görə şəxsən Əmir Şeyx Sabah Əl-Əhmədə və ümumilikdə Küveyt xalqına minnətdarlığını bildirib.

Tural Rzayev Küveyt Dövlətində diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Küveyt Dövləti baş nazirinin birinci müavini, xarici işlər naziri Şeyx Sabah Xalid Əl-Haməd Əl-Sabahla da görüşüb.

Küveyt XİN-də Tural Rzayevin şərəfinə vida ziyafəti təşkil olunub. Ziyafətdə XİN rəhbərliyi və ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi