Yuxarı
    Bağlamaq

    Azərbaycanın Kubadakı səfirliyində Novruz bayramı ilə əlaqədar dostluq görüşü keçirilib

    Görüşdə Kubanın aparıcı KİV nümayəndələri, Kuba Radio və Televiziya Təşkilatının rəsmiləri iştirak edib

    Bakı. 23 mart. REPORT.AZ/ Azərbaycanın Kubadakı səfirliyində Novruz bayramı ilə əlaqədar Kubanın aparıcı kütləvi informasiya vasitələrinin tanınmış nümayəndələri və Kuba Radio və Televiziya Təşkilatının rəsmilərinin iştirakı ilə dostluq görüşü keçirilib.

    Səfirlikdən “Report”a bildirilib ki, Azərbaycanın Kubadakı müvəqqəti işlər vəkili Cavanşir Salehov qonaqları salamlayaraq, dost Kuba ictimaiyyətinin Azərbaycan mədəniyyəti və reallıqlarına nümayiş etdirdiyi marağa görə minnətdarlığını bildirib. Səfir Azərbaycanın özünəməxsus olan, xalqımızın minillərlə qoruyub saxladığı Novruz adətləri və ənənələri haqda prezentasiya ilə çıxış edərək ətraflı məlumat verib.

    C.Salehov qeyd edib ki, Azərbaycan və bu bayramı qeyd edən digər ölkələrin təşəbbüsü ilə Novruz bayramı 2009-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni Irs üzrə Reprezentativ Siyahısına daxil edilib: “2010-cu ildə isə BMT Baş Məclisinin müvafiq qətnaməsi ilə 21 Mart “Beynəlxalq Novruz Günü” kimi elan edilib”.

    Görüş zamanı Kubanın mətbuat nümayəndələrinin Azərbaycanın tarixi, mədəniyyəti, beynəlxalq əlaqələri ilə bağlı sualları cavablandırılıb.

    Tədbir iştirakçılarına təqdim edilən Novruz bayramına xas olan təamlar qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

    Sonda KİV nümayəndələrinə ölkədə Novruz bayramının qeyd edilməsinə həsr olunan sənədli film və Kubanın “Havana” kanalının Azərbaycanda Novruz çərşənbələrindən bəhs edən televiziya reportajları nümayiş etdirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi