Yuxarı

Azərbaycanın Koreyadakı səfirliyi və Koreya Fondu birgə tədbir keçirib

Yüksək səviyyəli qonaqlar üçün qəbul təşkil olunub

Bakı. 7 may. REPORT.AZ/ Azərbaycan Respublikasının Koreya Respublikasındakı səfirliyinin və Koreya Fondunun birgə təşkilatçılığı ilə Seul şəhərinin tanınmış incəsənət mərkəzlərindən olan “Seoul Arts Center”də klassik musiqi konserti keçirilib. Bu barədə “Report”a səfirlikdən məlumat verilib.

Konsertdə Azərbaycan Dövlət Filarmoniyasının solistləri pianoçu Səidə Tağızadə və violençel ustası Aleksey Miltyix Koreyanın tanınmış skripka ustası Kim Bomsori ilə birgə konsert proqramı ilə çıxış ediblər.

Konsertdə Koreya Fondunun prezidenti Hyun-sok Yu, Türkiyə, Rusiya, Bolqarıstan, Rumıniya, Belarus, Gürcüstan, Pakistan, Monqolustan, Tunis, Seneqal, və s. ölkələrin Seulda akkreditə olunmuş diplomatik nümayəndəliklərinin rəhbərləri, habelə Koreya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun prezidenti Hvanq Yunq-çol və Milli Assambleyanın əməkdaşları, KİV nümayəndələri və ictimai-siyasi xadimlər iştirak ediblər. Tədbirdə iştirak edən yüksək səviyyəli qonaqlar üçün konsertdən əvvəl rəsmi qəbul təşkil edilib.

Konsertdə dünya və Azərbaycan klassik musiqisinin nümunələri təqdim edilib. Azərbaycan Dövlət Filarmoniyasının solistləri ilə koreyalı skripka ustasının ifasında Frederik Şopen, Aleksandr Çaykovski, Frans Vaksman və Astor Piazolla ilə yanaşı, dünya şöhrətli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Qara Qarayev, Cahangir Hacıyev, Oqtay Zülfüqarov, Nazim Əliverdibəyov və Musa Mirzəyevin əsərləri tədbir iştirakçılarında böyük təəssürat yaradıb.

Konsertlə bağlı Koreyanın “The Korea Times” və “Korea Herald” qəzetlərində məqalələr dərc olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi