​Azərbaycanın Gürcüstandakı səfirliyi Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edib

​Azərbaycanın Gürcüstandakı səfirliyi Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edib Tədbirdə Gürcüstanın baş naziri və digər rəsmi şəxsləri iştirak edib
Xarici siyasət
4 İyun , 2016 00:51
​Azərbaycanın Gürcüstandakı səfirliyi Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edib

Tbilisi. 4 iyun. REPORT. AZ/ Azərbaycanın Gürcüstandakı səfirliyi 28 May - Respublika Günü münasibətilə iyunun 3-də Tbilisidə rəsmi qəbul təşkil edib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, qəbulda sözügedən ölkənin baş naziri Georgi Kvirikaşvili, baş nazirin müavini, iqtisadiyyat naziri Dmitri Kumsuşvili, dövlət və hökumət nazirləri, Tbilisidəki diplomatik korpusun nümayəndələri, bu ölkədəki Azərbaycan şirkətlərinin rəhbərləri və əməkdaşları, elm, mədəniyyət xadimləri iştirak ediblər.

Tədbirdə ilk olaraq Azərbaycan və Gürcüstanın dövlət himnləri səsləndirilib.

Səfir Azər Hüseyn mərasimdə çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması, xalqımızın dövlətçilik tarixindəki mühüm rolu barədə ətraflı məlumat verib. Bildirilib ki, AXC 23 ay fəaliyyət göstərsə də xalqımızın, eləcə də regionun inkişafında mühüm rol oynayıb. Sovetlər dağıldıqdan sonra yenidən müstəqilliyinə qovuşan Azərbaycan dünya şöhrətli siyasətçi Heydər Əliyevin dərin dövlətçilik təcrübəsi və siyasi iradəsi nəticəsində 1993-2003-cü illərdə böyük inkişaf yolu keçib, dövlət müstəqilliyimiz möhkəmlənib. Məhz ümummilli liderin gərgin əməyi nəticəsində Azərbaycan dünyada öz layiqli yerini bərpa edib və daha da möhkəmləndirib. Ulu öndərin siyasi uzaqgörənliyi nəticəsində əsası qoyulmuş "Bakı-Tbilisi –Ceyhan" neft, "Bakı-Tbilisi-Ərzrum" qaz kəmərləri, "Bakı-Tbilisi-Qars" dəmir yolu, "Böyük İpək yolu", TANAP və TAP layihələri təkcə Azərbaycanın və Gürcüstanın deyil, dünya ölkələrinin enerji təhlükəsizliyində, iqtisadi inkişafında mühüm rol oynayır.

Diplomat bildirib ki, bu gün prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü daxili və xarici siyasət nəticəsində dünya ictimaiyyətinin Azərbaycana rəğbəti artıb:

“Ötən il Bakıda keçirilmiş Avropa Oyunları, yaxın günlərdə keçiriləcək “Formula-1” Avropa Qran-pri yarışları və 2017-ci ildə təşkil olunacaq İslam Həmrəylik Oyunları buna parlaq misaldır”.

Azərbaycan ilə Gürcüstan arasındakı əlaqələrin möhkəmləndiyini və yeni müstəvidə daha da inkişaf etdiyini vurğulayan səfir deyib:

“Bu gün ölkələrimiz BMT, ATƏT, Avropa Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq edir. Biz müdafiə sahəsində də səmərəli əməkdaşlıq edirik”.

Azər Hüseyn 26 may - Gürcüstanın müstəqillik günü ilə əlaqədar dost və qardaş gürcü xalqını bir daha təbrik edib, ölkələrimiz və xalqlarımız arasındakı münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirib.

Gürcüstanın baş naziri Georgi Kvirikaşvili mərasimdə çıxış edərək Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edib.

Baş nazir iki ölkənin dostluq və əməkdaşlıq münasibətlərinin əhəmiyyətindən danışıb. Bildirib ki, Gürcüstan və Azərbaycanın ümumi dəyərləri və ortaq mədəniyyəti var. Biz strateji tərəfdaşlarıq.

G.Kvirikaşvili deyib:

“Azərbaycan ilə Gürcüstan arasındakı strateji tərəfdaşlıq qarşılıqlı etimad əsasında bundan sonra da uğurla inkişaf edəcək. Əminəm ki, bizim həyata keçirdiyimiz layihələr xalqlarımızın rifah halının daha da yaxşılaşmasına, müstəqilliyimizin, dövlətçiliyimizin daha da möhkəmlənməsinə və inkişafına xidmət edəcəkdir”.

Sonra qonaqlar Azərbaycan mətbəxinin ləziz təamlarından dadıblar.

Son xəbərlər

Orphus sistemi