Azərbaycanın Gürcüstandakı səfiri estoniyalı həmkarı ilə regional məsələləri müzakirə edib

Azərbaycanın Gürcüstandakı səfiri estoniyalı həmkarı ilə regional məsələləri müzakirə edib Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev estoniyalı həmkarı xanım Riina Kalyurand ilə görüş keçirib
Xarici siyasət
15 Fevral , 2021 19:14
Azərbaycanın Gürcüstandakı səfiri estoniyalı həmkarı ilə regional məsələləri müzakirə edib

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev estoniyalı həmkarı xanım Riina Kalyurand ilə görüş keçirib.

Bu barədə "Report"un yerli bürosuna Azərbaycan səfirliyindən məlumat verilib.

Görüşdə F.Quliyev Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının hər iki xalqın rifahına xidmət etdiyini və bütün Cənubi Qafqaz bölgəsində dayanıqlı inkişafı təmin edən əsas təkanverici amil olduğu barədə ətraflı məlumat verib. Söhbət zamanı son dövrdə Cənubi Qaz Dəhlizinin istifadəyə verilməsi Avropa enerji təhlükəsizliyinin təmin edilməsinə növbəti mühüm töhfə kimi təqdir edilib.

Bununla yanaşı, bölgəmizdə təhlükəsizlik mənzərəsinə toxunan səfir təqribən 30 il boyunca ölkəmizə qarşı davam edən təcavüz, onunla əlaqədar qəbul edilmiş, lakin yerinə yetirilməmiş beynəlxalq sənədlər barədə dolğun məlumat təqdim edib. O, 44 günlük Vətən müharibəsinin səbəbləri və mahiyyəti barədə danışaraq, torpaqlarımızın işğalına son qoyulmasının, ərazi bütövlüyümüzün bərpa olunmasının nəinki təkcə Azərbaycan, bütün region üçün müsbət dəyişikliklərə gətirəcəyini deyib.

Söhbət əsnasında xanım R.Kalyurand ölkəsinin Cənubi Qafqaz ölkələri ilə münasibətlərin inkişaf etdirilməsinə diqqət yetirdiyini bildirib. Onun sözlərinə görə, bölgəmizdə cərəyan edən proseslər və yaranan yeni mənzərə Estoniya tərəfindən də diqqətlə izlənilir və onun ölkəsi regional əməkdaşlığın daha da inkişaf etdirilməsi niyyətindədir.

Görüşün sonunda tərəflər gələcəkdə məhsuldar təmasların davam etdiriləcəyinə dair ümid ifadə ediblər.

Son xəbərlər

Orphus sistemi