Yuxarı

Azərbaycanın ədliyyə naziri Xorvatiyada rəsmi səfərdə olub

İki ölkə arasında hüquqi əməkdaşlıq genişlənir

Bakı. 21 iyul. REPORT.AZ/ Azərbaycanın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov nümayəndə heyəti ilə Xorvatiyada rəsmi səfərdə olub. Bu barədə "Report"a Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində ədliyyə nazirlərinin görüşü keçirilərək iki ölkə arasında hüquqi əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş perspektivlərin olduğu vurğulanıb.

Azərbaycanla hərtərəfli əməkdaşlığa xüsusi önəm verdiyini söyləyən Xorvatiyanın ədliyyə naziri Orsat Milyeniç ötən ay Bakının ilk Avropa Oyunlarına yüksək səviyyədə, uğurla ev sahibliyi etdiyini, Bakıya səfər edərək keçirilən möhtəşəm idman yarışlarının canlı şahidi olduğunu vurğulayıb.

Xorvatiyalı nazir ölkəsində aparılan hüquqi islahatlar haqqında məlumat verərək, hazırkı səfərin qarşılıqlı fəaliyyətin daha da dərinləşdirilməsinə əlavə təkan verəcəyinə əminliyini ifadə edib. 

Səfər çərçivəsində ədliyyə naziri F.Məmmədovun Ali Məhkəmənin sədri Branko Hrvatin ilə görüşündə ədalət mühakiməsinin səmərəliliyi, məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması və ictimaiyyətin inamının artırılması, infrastrukturun müasirləşdirilməsi, qabaqcıl İKT-lərin və elektron məhkəmənin tətbiqi, Məhkəmə-Hüquq Şurasının fəaliyyəti, o cümlədən səlahiyyətlərinin genişləndirilməsi və digər aktual məsələlər müzakirə edilib.

B.Hrvatin ölkələr arasında hüquqi sahədə əməkdaşlığın dinamik inkişafını qeyd edərək Azərbaycanda dəfələrlə səfərdə olduğunu, o cümlədən Bakı Beynəlxalq Humanitar Forumunda və insan hüquqları ilə bağlı beynəlxalq konfrasda iştirakını ən xoş təəssüratlarla xatırladıb, bu əlaqələrin intensivləşməsində nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin, ədliyyə və məhkəmə sahəsində təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.

Azərbaycan ədliyyə nazirinin, həmçinin Xorvatiyanın baş prokuroru Dinko Tsvitan ilə görüşü olub. D.Tsvitan iki ölkənin hüquq-mühafizə orqanları arasında qarşılıqlı fəaliyyətin dərinləşdirilməsinin vacibliyini vurğulayıb. Görüşdə ölkələrin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı, o cümlədən Beynəlxalq Prokurorlar Assosiasiyasının rəhbər orqanlarında fəal təmsilçiliyi vurğulanıb. Həmçinin Azərbaycanda dövlət başçısının siyasi iradəsi ilə korrupsiyaya qarşı aparılan qəti mübarizə tədbirləri, o cümlədən Azərbaycan brendi olan "ASAN xidmət"in vətəndaş məmnunluğuna yönələn səmərəli fəaliyyəti xüsusi vurğulanıb.

Səfər zamanı Azərbaycanda məhkəmə infrastrukturunun müasirləşdirilməsi üzrə görülən tədbirlərlə əlaqədar təcrübə mübadiləsi məqsədilə birinci və yuxarı instansiya məhkəmələrinin fəaliyyəti ilə tanış olunub, hakimlərlə görüş keçirilərək məhkəmə sisteminin müasirləşdirilməsinə dair müzakirələr aparılıb. Həmçinin ölkəmizdə yeni cəzaçəkmə müəssisələrinin inşası nəzərə alınaraq Xorvatiyanın müəssisələrinə baş çəkilib, məhkumların saxlanma şəraiti, cəzaların icrası qaydası və s. üzrə təcrübə mübadiləsi aparılıb.

Görüşlərdə Azərbaycanda aparılan genişmiqyaslı məhkəmə-hüquq islahatlarına, xüsusilə hakimlərin seçim prosesinə və elektron məhkəmənin tətbiqinə böyük maraq göstərilib. Həmçinin həmsöhbətlərin diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrinə, torpaqlarımızın 20%-nin işğalı və bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi faktına cəlb olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi