Azərbaycanın Bolqarıstandakı səfiri Sviştov şəhərində olub

Azərbaycanın Bolqarıstandakı səfiri Sviştov şəhərində olub Görüşlərdə Azərbaycan və Bolqarıstan, xüsusilə Sviştov bələdiyyəsi arasında əməkdaşlıq və təcrübə mübadiləsi imkanları müzakirə olunub
Xarici siyasət
10 May , 2017 19:43
Azərbaycanın Bolqarıstandakı səfiri Sviştov şəhərində olub

Sofiya. 10 may. REPORT.AZ/ Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova bu ölkənin Sviştov şəhərinə səfər edib. 

“Report”un Şərqi Avropa bürosunun verdiyi məlumata görə, səfər çərçivəsində səfir N.Qurbanova şəhər meri Qenço Qençev, Bələdiyyə Şurasının sədri Kristian Kirilov, Dimitr Apostolov Tsenov adına İqtisadiyyat Akademiyasının rektoru İvan Marçevski ilə görüşüb. Görüşlərdə Azərbaycan və Bolqarıstan, xüsusilə Sviştov bələdiyyəsi arasında təhsil, mədəniyyət, turizm sahəsində əməkdaşlıq və təcrübə mübadiləsi imkanları müzakirə olunub.

İqtisadiyyat Akademiyasının rektoru İvan Marçevskilə görüşdə N.Qurbanova bu ilin ikitərəfli münasibətlərdə əlamətdar tarix olduğunu vurğulayıb. Səfir bu il Azərbaycan və Bolqarıstan arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünün qeyd edildiyini deyib, iki ölkə arasında siyasi, iqtisadi, mədəni əlaqələrlə yanaşı, təhsil sahəsində də əlaqələrin inkişaf etməsindən məmnunluğunu bildirib. Diplomat tərəflərin ali təhsil müəssisələri arasında təcrübə, eləcə də tələbə və müəllim mübadiləsi sahəsində əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduğunu söyləyib.

İvan Marçevski rəhbərlik etdiyi ali təhsil ocağının tarixi və fəaliyyəti barədə məlumat verərək bildirib ki, ötən il 80 illiyi qeyd olunan təhsil müəssisəsi Misir, Mərakeş, Rusiya, Rumıniya, Ukrayna, Braziliya, Cənubi Koreya, Vyetnam və digər ölkələrin universitetləri ilə sıx əlaqələr qurub. Rektor Akademiyanın Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə əməkdaşlıq haqqında saziş imzaladığını, bu ildə ADAU ilə birgə Avropa İttifaqının (Aİ) Erasmus proqramı çərçivəsində mübadilə proqramına müraciət edildiyini vurğulayıb. O, azərbaycanlı tələbələrin rəhbərlik etdiyi akademiyaya cəlb edilməsində maraqlı olduğunu deyib.

Xatırladaq ki, səfir Nərgiz Qurbanova İqtisadiyyat Akademiyasının rektoru İvan Marçevskinin dəvəti ilə bu şəhərə səfər edib. 

Son xəbərlər

Orphus sistemi