"Ermənistanın başlatdığı və 30 ilə yaxın davam etmiş münaqişə Azərbaycana və ümumilikdə bölgəyə mümkün təsir vasitəsi olduğundan bir sıra güclər münaqişənin bitməsini istəmirdi və heç başa çatacağına da ümid etmirdilər".
Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
Onun sözlərinə görə, 44 günlük savaşda Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında Müzəffər Azərbaycan Ordusu bu mənfur niyyəti puça çevirdi: "İşğalçı Ermənistan darmadağın edilərək münaqişəyə tarixi zəfərlə son qoyuldu, status-kvo da, "status" xəyalları da yerlə yeksan oldu. Azərbaycan lideri qətiyyət göstərib ümumtanınmış normalara əsaslanaraq beynəlxalq hüququn tələblərini güc yolu ilə hərbi-siyasi qaydada tam təmin etməyi bacardı. Əlbəttə, bu, çoxları üçün arzulanan və gözlənilən sonluq deyildi və iqtisadi-siyasi təzyiq və sanksiya rıçaqlarının işə salınacağı əvvəlcədən aydın idi. Mümkün vasitələrdən biri kimi iqtisadi sanksiyalar məsələsi ümumiyyətlə gündəmə gəlmədi. Çünki Azərbaycan zamanında həyata keçirdiyi uğurlu siyasi addımların nəticəsi olaraq iqtisadi müstəqilliyini tam təmin edərək mümkün xarici asılılıq ehtimalını sıfıra çatdırıb. Üstəlik, Azərbaycan özü Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında dayanıqlı, artan və etibarlı rola malikdir. Digər tərəfdən, Azərbaycan Vətən müharibəsində milli mənafelərimizlə bərabər həm də beynəlxalq hüququ, beynəlxalq hüquq subyektlərinin münaqişə ilə bağlı qəbul etdiyi və ərazi bütövlüyümüzə aşkar hörmət ifadə edən konkret qətnamə və qərarları rəhbər tutaraq hərəkət etdiyi üçün əleyhimizə istifadə oluna biləcək heç bir prinsipial pozuntudan da söhbət gedə bilməz. Öhdəliklərinə həmişə vicdanla əməl edən tərəfdaş olaraq Azərbaycan qardaş Türkiyə, Pakistan, İsrail kimi köklü və güclü müttəfiqliklərə malik olduğu, o cümlədən Qoşulmama Hərəkatının rəhbəri kimi çoxsaylı qlobal səylərə lokomotivlik etdiyi üçün rəsmi Bakının beynəlxalq müstəvidə təklənməsi də mümkün olmadı".

Deputat bildirib ki, Ermənistandan fərqli olaraq Azərbaycan müstəqil xarici siyasət kursu həyata keçirən dövlətdir, digər beynəlxalq hüquq subyektləri qarşısında təktərəfli və müstəqilliyi məhdudlaşdıran digər hər hansı öhdəliyə malik deyil: "Təbii ki, belə olan halda yeganə təsir cəhdi qara PR kampaniyası aparılmasıdır ki, erməni diasporunun nəzarətində olan media resursları, o cümlədən Qərbin "tərəfsiz" cildinə girmiş cib mediası məmnuniyyətlə sifarişləri yerinə yetirməyə hazırdır. Lakin yaxın tarixin rəngli inqilablar dalğası, habelə ərəb baharları da göstərdi ki, Azərbaycanın möhkəm dövlətçilik ənənəsi media və ya sosial şəbəkə təzyiqlərindən təsirlənməyəcək qədər möhkəm və güclüdür. Ələlxsus da indiki qələbəsonrası birlik, bərabərlik mühiti, xalq-dövlət həmrəyliyi şəraitində bu kimi cəhdlərin heç bir perspektivi yoxdur. Ən güclü dövrünü yaşayan Azərbaycanın özünün bölgədə diqtə etdiyi bir vaxtda bizə kiminsə imla yazdırmaq istəyi ağılsızlıqdır və əslində bunu özləri də yaxşı başa düşürlər. Lakin çirkin təbliğat kampaniyası aparanları işin nəticəsi yox, aldıqları sifarişin plan üzrə hərfbəhərf icrası maraqlandırdığı üçün nəticə öncədən bəlli olsa belə bu qədər israrlı formada davam edirlər".