Yuxarı

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Fransa Senatının sədri ilə görüşüb

Mehriban Əliyeva Jerar Larşeni Azərbaycana, o cümlədən Avropa Oyunlarının açılış mərasiminə dəvət etdi

Bakı. 4 dekabr. REPORT.AZ/ Parisdə səfərdə olan Azərbaycanın birinci xanımı, Milli Məclisdə Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fransa Senatının sədri Jerar Larşe ilə görüşüb.

"Report" AzərTAc-a istinadən xəbər verir ki, Jerar Larşe Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı Fransa parlamentinin yuxarı palatasında qəbul etməkdən məmnunluğunu bildirdi. Senatın sədri ölkələrimiz arasında müxtəlif sahələrdə münasibətlərin çox yüksək səviyyədə olduğunu, xüsusilə də əməkdaşlığın inkişafında parlamentlərarası əlaqələrin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırdı.

Bu yaxınlarda Fransa Senatında seçkilər keçirildiyini qeyd edən sədr Fransa-Qafqaz dostluq qrupunun tərkibinin də yenidən formalaşdırılacağını, quruma yeni sədr seçiləcəyini söylədi.

Jerar Larşe Mehriban Əliyevanın həm Azərbaycan parlamentində Azərbaycan-Fransa dostluq qrupunun rəhbəri, həm də Heydər Əliyev Fondunun prezidenti kimi Fransa ilə münasibətlərin inkişaf etdirilməsinə verdiyi töhfələri yüksək qiymətləndirdi.

Senatın sədri Azərbaycan iqtisadiyyatının sürətli inkişafını müşahidə etdiklərini dedi. Jerar Larşe Fransanın Minsk qrupunun həmsədr ölkələrindən biri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verməyə hazır olduğunu vurğuladı.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ölkəmizin Fransa ilə siyasi, iqtisadi, mədəniyyət və digər sahələrdə əlaqələrinin sürətlə inkişaf etdiyini bildirdi və qeyd etdi ki, dövlət başçıları arasında yüksək səviyyəli dialoq mövcuddur. Ölkələrimizin iqtisadi sahədə münasibətləri yüksək templərlə inkişaf edir. Hazırda 50-dən artıq fransız şirkəti Azərbaycanda fəaliyyət göstərir. Humanitar sahədə çoxlu layihələr reallaşdırılıb və bundan sonra da həyata keçiriləcək.

Parlamentlərarası münasibətlərin də xüsusi əhəmiyyət kəsb etdiyini söyləyən Mehriban Əliyeva Milli Məclisdə Fransa ilə dostluq qrupunun rəhbəri kimi ölkələrimizin əlaqələrinin daha da inkişafına töhfələr verməyə hazır olduğunu söylədi. Mehriban Əliyeva bildirdi ki, Azərbaycan regionda sülhün və sabitliyin bərqərar olmasının tərəfdarıdır. Bu baxımdan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli müstəsna əhəmiyyətə malikdir. Ancaq 23 ildən artıqdır ki, davam edən sülh danışıqları Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə heç bir müsbət nəticə verməyib. Fransa Prezidenti Fransua Ollandın təşəbbüsü ilə cari ilin oktyabrında Azərbaycan və Ermənistan prezidentlərinin iştirakı ilə keçirilmiş Paris görüşündən sonra Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarında irimiqyaslı hərbi təlimlər keçirib. Bu da Ermənistanın təxribat xarakterli addımı idi. Bu cür addımlar sözsüz ki, münaqişənin sülh yolu ilə həllinə əngəl törədir. Azərbaycanın birinci xanımı ölkəmizin bu münaqişənin beynəlxalq hüquq normaları əsasında, sülh yolu ilə həllinə tərəfdar olduğunu bir daha diqqətə çatdırdı. Ümidvar olduğunu bildirdi ki, münaqişə tezliklə öz ədalətli həllini tapacaq, işğal olunmuş ərazilərimiz azad ediləcək, qaçqın və məcburi köçkünlərimiz doğma yurd-yuvalarına qayıdacaqlar.

Mehriban Əliyeva Fransa ilə Azərbaycan arasında mədəniyyət, mədəni irsin qorunması və humanitar sahələrdə mövcud əlaqələrdən də söz açdı və Heydər Əliyev Fondu tərəfindən bu silsilədən olan bir sıra layihələrin həyata keçirildiyini qeyd etdi. Bu siyasətin bundan sonra da davam etdiriləcəyini söylədi. Gələn il tarixdə ilk dəfə olaraq Azərbaycanda birinci Avropa Oyunlarının keçiriləcəyini və bunun üçün yüksək hazırlıq işlərinin görüldüyünü, dünyanın bir sıra ölkələrində, o cümlədən Fransada bu oyunların təqdimatının keçirildiyini diqqətə çatdırdı.

Birinci xanım Mehriban Əliyeva Jerar Larşeni Azərbaycana, o cümlədən Avropa Oyunlarının açılış mərasiminə dəvət etdi.

Sonda mədəniyyət sahəsindəki layihələrin davam etdirilməsi, o cümlədən Fransa Senatında Azərbaycanla birgə tədbirlərin keçirilməsi təklif edildi. Bu təkliflər də bəyənildi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi