Azərbaycanın Batumidəki baş konsulluğunda referendumla əlaqədar seçki məntəqəsi yaradılıb

Azərbaycanın Batumidəki baş konsulluğunda referendumla əlaqədar seçki məntəqəsi yaradılıb Rəşad İsmayılov: "Vətəndaşlarımızın sərbəst şəkildə səs vermələri üçün hər cür şərait yaradılıb”
Xarici siyasət
14 Sentyabr , 2016 09:45
Azərbaycanın Batumidəki baş konsulluğunda referendumla əlaqədar seçki məntəqəsi yaradılıb

Tbilisi. 14 sentyabr. REPORT.AZ/ Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-da keçiriləcək referendumla əlaqədar Azərbaycanın Batumidəki baş konsulluğunda hazırlıq işləri başa çatıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu məqsədlə baş konsul Rəşad İsmayılovun sədrliyi ilə məntəqə seçki komissiyası yaradılıb.

R.İsmayılov “Report”a müsahibəsində deyib ki, sentyabrın 26-da konsulluğun əməkdaşları ilə yanaşı, SOCAR-ın Kulevi terminalının, Azərbaycan İcmasının Azərbaycan Respublikasının vətəndaşı olan üzvləri, Batuminin müxtəlif universitetlərində təhsil alan azərbaycanlı tələbələr, həmin gün müvəqqəti olaraq Batumidə səfərdə olan və xidməti vəzifələrini icra edən vətəndaşlarımız sentyabrın 26-da bu məntəqədə səs verə biləcəklər. Onların sərbəst şəkildə səs vermələri üçün hər cür şərait yaradılıb”.

Baş konsul Konstitusiyaya təklif olunan dəyişikliklərə də münasibət bildirib: “Azərbaycan Prezidenti tərəfindən “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı müasir dövrün çağırışlarının ortaya çıxardığı bir tələbdir. Konstitusiyanın dünyada və ölkədə gedən proseslərə uyğun bir şəkildə inkişafı tam bir qanunauyğunluqdur”.

R.İsmayılov bildirib ki, Konstitusiyaya təklif olunan dəyişikliklər insan hüquq və azadlıqlarının qorunması, siyasi idarəçilik təsisatlarının fəaliyyətinin təkmilləşdirilməsi kimi mühüm sahələri əhatə etməklə, olduqca mütərəqqi bir addımdır: “Bu dəyişikliklər Azərbaycanda siyasi və iqtisadi stabilliyin davamlılığını təmin etmək, dünyada cərəyan edən mürəkkəb proseslərin fonunda dövlətimizin milli təhlükəsizliyini qorumaq baxımından olduqca mühüm əhəmiyyət daşıyır”.

Son xəbərlər

Orphus sistemi