Azərbaycanın ABŞ-dakı Səfirliyinin təşkilatçılığı ilə brifinq keçirilib

Azərbaycanın ABŞ-dakı Səfirliyinin təşkilatçılığı ilə brifinq keçirilib Müsəlman Amerika Liderlik Alyansının (MALA) və Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin birgə təşkilatçılığı ilə COVID-19 pandemiyası dövründə resursların bölüşdürülməsi, icmaların müdafiəsi və bu istiqamətdə səyləri birləşdirmək üçün strateji reaksiya koalisiyalarının qurulması mövzusunda xüsusi brifinq keçirilib.
Xarici siyasət
25 May , 2020 14:11
Azərbaycanın ABŞ-dakı Səfirliyinin təşkilatçılığı ilə brifinq keçirilib
Report

Müsəlman Amerika Liderlik Alyansının (MALA) və Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin birgə təşkilatçılığı ilə COVID-19 pandemiyası dövründə resursların bölüşdürülməsi, icmaların müdafiəsi və bu istiqamətdə səyləri birləşdirmək üçün strateji reaksiya koalisiyalarının qurulması mövzusunda xüsusi brifinq keçirilib.

Diplomatik nümayəndilikdən "Report"un xüsusi müxbirinə verilən məlumata görə, paneldə Səfirliyin müşaviri Vüqar Qurbanov, siyasi məsələlər üzrə əməkdaşı Şəlalə Vəliyeva, MALA təşkilatının icraçı direktoru və həmtəsisçisi Zeynəb Xan və təşkilatın həmtəsisçisi Əhməd Fleks Ömər iştirak edib.

MALA təşkilatının nümayəndələri pandemiyanın verdiyi zərərlərdən söz açaraq təşkilatın müəyyən qədər də olsa, bu zərərlərin qarşısının alınması üçün gördüyü tədbirlərdən danışıblar. Ötən müddət ərzində təşkilata bu işdə dəstəyini verən bir sıra iş adamları, xeyriyyəçilər, o cümlədən Nyu York şəhərində fəaliyyət göstərən məşhur hindistanlı-amerikalı modelyer Naeem Khan ilə əməkdaşlıq çərçivəsində minlərlə qoruyucu maskaların hazırlandığı, ərzaq təminatının aparıldığı və köməyə ehtiyacı olan icmalara yardımın göstərildiyi qeyd olunub.

COVID-19 virusunun ABŞ-da yayılmasının gündəlik həyata təsiri və kiçik biznes sahibkarlara və sərbəst işçilərə (freelancer) təsirindən söhbət açılaraq təcili mikroqrantlara dəstək üçün MALA-nın dəstəyi ilə yaradılan fond haqqında məlumatlar paylaşılıb. 

Qeyd edək ki, Ramazan ayı münasibətilə Səfirlik MALA-ın koronavirus pandemiyası ilə əlaqədar yaratdığı fonda dəstək göstərmək məqsədilə Azərbaycan dövləti adından ianə edib. MALA-nın icraçı direktoru Zeynab Xan Azərbaycanın Vaşinqtondakı Səfirliyinə təşəkkür məktubu göndərərək, Azərbaycan dövlətinin yardımlarının Çikaqoda ehtiyacı olan şəxslərə sərf olunacağını deyib.

Səfirliyin nümayəndələri öz çıxışlarında Azərbaycan hökuməti tərəfindən koronavirus pandemiyası ilə mübarizədə atılan addımlar və görülən tədbirlər barəsində təşkilat nümayəndələrinə ətraflı məlumatlar verib. Cəmiyyətin sağlamlığını ilk öncə olduğu nəzərə alınaraq müasir xəstəxanaların tikildiyi, həssas icmalara, yaşlılara, ehtiyac sahiblərinə davamlı dəstəyin göstərilməsi istiqamətində görülən işlər və layihələr haqqında danışılıb. Bundan əlavə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünün keçirildiyini və bunun Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş görüşü keçirən ilk beynəlxalq təşkilat olduğu vurğulanıb.

Qonaqlara Qoşulmama Hərəkatına üzv ölkələrin koronavirus pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü formatında video-konfransın təşkil olunduğu haqqında məlumat verilərək Azərbaycanın pandemiya ilə mübarizədəki səyləri dəstəkləmək üçün Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar ayırdığı və NAM ölkələrini dəstəkləmək üçün əlavə maliyyə vəsaitinin ayrılacağı bildirilib.

Müzakirələr zamanı Nyu-York şəhərində yerləşən Yəhudi Tarixi Mərkəzində yəhudi və müsəlman təşkilatları olan Amerika Sefard Federasiyası (ASF) və MALA ilə birlikdə Xocalı qətliamı qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri və ümumi olaraq Dağlıq Qarabağ münaqişəsinin nəticələri, həmçinin məcburi köçkün və qaçqın qadınların sahibkarlıq fəaliyyətində rolunun artırılması mövzusunda keçirilən tədbirlər haqqında danışılıb, sözügedən təşkilatların bu həsas mövzularda Azərbaycana verdiyi dəstəyi alqışlanıb.

Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi