Azərbaycanda penitensiar sistemdə islahatlara dəstək üzrə layihənin təqdimatı keçirilib

Azərbaycanda penitensiar sistemdə islahatlara dəstək üzrə layihənin təqdimatı keçirilib Penitensiar xidmətin rəis müavini: "Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirir"
Xarici siyasət
17 Yanvar , 2017 11:48
Azərbaycanda penitensiar sistemdə islahatlara dəstək üzrə layihənin təqdimatı keçirilib

Bakı. 17 yanvar. REPORT.AZ/ Bakıda Avropa İttifaqı və Avropa Şurası tərəfindən həyata keçirilən "Azərbaycanda penitensiar sistemdə islahatlara əlavə dəstək" layihəsinin təqdimat mərasimi keçirilib.

"Report" xəbər verir ki, tədbirdə Azərbaycanın təxminən 60 dövlət qurumunun nümayəndələri iştirak ediblər.

Layihənin əsas məqsədi səhiyyə xidmətlərinin göstərilməsinin və Avropa Şurasının qababcıl təcrübəsindən yararlanaraq Azərbaycanda həbsxanaların idarəedilməsinin yaxşılaşdırılmasıdır.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanov bildirib ki, Azərbaycan təkcə penitensiar xidmət sahəsində yox, həm də digər sferalarda Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirir. O, Azərbaycan Penitensiar Xidmətin rəhbərliyinin müvafiq sahədə təcrübə mübadiləsi aparılması məqsədilə müntəzəm olaraq Avropanın Şurasının tədbirlərində iştirak etdiyini qeyd edib.

Avropa Şurasının Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi İvan Koecikov bu proqramın əsas məqsədləri barədə danışıb.

Avropa Şurasının Bakıdakı nümayəndəliyinin rəhbəri Draqan Filipoviç layihənin Azərbaycan və Avropa İttifaqı arasında Fəaliyyət Planı çərçivəsində hazırlandığını vurğulayıb. O, bu layihəyə yardım etdiklərinə və maraq göstərdiklərinə görə Azərbaycan rəsmilərinə və vətəndaş cəmiyyətinin nümayəndələrinə təşəkkür edib. D.Filipoviç əlavə edib ki, bu layihə həmçinin keçmiş məhkumların ailədə problemlərlə qarşılaşmamasına və cəmiyyətə inteqrasiya olmasına kömək edəcək.

Öz növbəsində, Aİ-nin Bakıdakı nümayəndəliyinin rəhbəri Malena Mard layihənin 20 ay üçün nəzərdə tutulduğunu və onun büdcəsinin yarım milyon avro təşkil etdiyini bildirib. M.Mard həbsxanalarda səhiyyə xidmətlərinin hərtərəfli yaxşılaşdırılmasının əhəmiyyətini vurğulayaraq, sonradan bu məhbusların cəmiyyətə qayıtdığını və sağlamlıqlarında problemlərinin olmamasının vacib olduğunu qeyd edib.

Son xəbərlər

Orphus sistemi