Azərbaycana rəsmən ŞƏT dialoqu üzrə tərəfdaş statusu verilib

Azərbaycana rəsmən ŞƏT dialoqu üzrə tərəfdaş statusu verilib ŞƏT baş katibi və Azərbaycan XİN başçısı Pekində müvafiq memorandum imzalayıb
Xarici siyasət
14 Mart , 2016 09:17
Azərbaycana rəsmən ŞƏT dialoqu üzrə tərəfdaş statusu verilib

Bakı. 14 Mart. REPORT.AZ/ Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Rəşid Alimov və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycana ŞƏT dialoqu üzrə tərəfdaş statusu verilməsi barədə memorandum imzalayıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, imza mərasimi bu gün ŞƏT-in Pekindəki qərargahında baş tutub.

"Bu gün Azərbaycan dialoq üzrə tərəfdaş statusu alıb, daha doğrusu onu rəsmiləşdirib. Bu, bizim üçün böyük şərəfdir. Bizim əlaqələrimizin yolları 2012-ci ildə, Azərbaycan Prezidenti İlham Əliyev ŞƏT-ə Azərbaycanın təşkilatda müşahidəçi statusu alması ideyasıyla bağlı rəsmi məktub göndərən zaman başlayıb. Yəni başa düşdüyünüz kimi, Azərbaycanın ambisiyası dialoq üzrə tərəfdaş olmaqdan daha yüksəkdir... Hesab edirəm ki, bu gün burada imzalanmış sənəd bizə çox əhəmiyyətli, çox maraqlı təşkilatla dialoqa başlamağa imkan verir", - deyə E.Məmmədyarov bildirib.

Öz növbəsində ŞƏT-in baş katibi Rəşid Alimov qeyd edib ki, rəhbərlik etdiyi təşkilat memorandumun imzalanmasını qurumun gələcək inkişafına mühüm töhfə kimi dəyərləndirib.

"Dialoq üzrə tərəfdaş statusu Azərbaycan Respublikasına mövcud əməkdaşlıq mexanizmlərində iştirak etməklə təşkilatın çoxşaxəli və müxtəlif istiqamətli fəaliyyətinə fəal şəkildə qoşulmağa imkan verəcək", - deyə o bildirib.

Qeyd edək ki, Azərbaycana dialoq üzrə tərəfdaş statusu verilməsi barədə qərar ötən ilin iyul ayında keçirilmiş Ufa sammitində qəbul edilmişdi.

ŞƏT-ə Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan daxildir. Belarus, Monqolustan, Hindistan, İran, Pakistan və Əfqanıstan isə müşahidəçi statusuna malikdirlər.

Son xəbərlər

Orphus sistemi