Azərbaycana gələn turistlər “ASAN Viza” sistemi vasitəsilə elektron viza ala biləcəklər

Azərbaycana gələn turistlər “ASAN Viza” sistemi vasitəsilə elektron viza ala biləcəklər Elektron vizanın verilməsi ilə bağlı müraciətə ən geci 3 iş günü müddətində baxılacaq
Xarici siyasət
29 Noyabr , 2016 16:32
Azərbaycana gələn turistlər “ASAN Viza” sistemi vasitəsilə elektron viza ala biləcəklər

Bakı. 29 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikasına gələn turistlər siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən ölkələrin vətəndaşları və ya həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər olduqda “ASAN Viza” sistemi vasitəsilə elektron viza ala biləcəklər.

"Report"un xəbərinə görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Turizm haqqında” qanununa dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, elektron viza almaq üçün əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər “ASAN Viza” sistemində yerləşdirilmiş elektron müraciət formasında nəzərdə tutulan məlumatları sistemə daxil etməli, müraciətin qəbul olunması barədə müvafiq təsdiqnamə aldıqdan sonra dövlət rüsumunu elektron qaydada ödəməlidirlər.

Elektron vizanın verilməsi ilə bağlı müraciətə ən geci 3 iş günü müddətində baxılır, imtina üçün əsas olmadıqda viza rəsmiləşdirilərək müraciət etmiş şəxsin elektron poçt ünvanına göndərilir. Viza verilməsindən imtina edildikdə, müraciət etmiş şəxsin elektron poçt ünvanına bu barədə məlumat göndərilir.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Son xəbərlər

Orphus sistemi