Azərbaycan Surinamla əməkdaşlıq üçün energetika, qalıq yanacaq, bərpa olunan enerji mənbələri, kənd təsərrüfatı və təhsil sahələrini əsas istiqamətlər kimi nəzərdən keçirir.
“Report” xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Surinama səfəri zamanı yerli televiziyaya müsahibəsində bildirib.
"Biz surinamlı tələbələrin Azərbaycanın aparıcı universitetlərində təhsil alması imkanlarını araşdırır, həmçinin hər iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlığı inkişaf etdiririk. Bundan əlavə, neft və LNG ticarəti diqqət mərkəzindədir ki, bu da nümayəndə heyətimizin tərkibində SOCAR nümayəndələrinin olmasını izah edir.
İqtisadi və biznes perspektivləri də müzakirə olunur və məhz buna görə səfərdə Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələri iştirak edirlər. Onlar iki ölkənin biznes strukturları arasında əməkdaşlığın genişləndirilməsinin müxtəlif yollarını nəzərdən keçirəcəklər", - nazir müavini qeyd edib.
Onun sözlərinə görə, səfərin əsas məqsədi Azərbaycan Prezidenti İlham Əliyev və Surinam Prezidenti Çandrikapersad Santoxi arasında COP29-da əldə olunmuş razılaşmalar çərçivəsində tanışlıq missiyasının həyata keçirilməsidir.
"Ümid edirik ki, səfərin nəticələrinə əsasən əməkdaşlığın ən perspektivli istiqamətlərini müəyyən edə və onun gələcək inkişaf strategiyasını hazırlaya biləcəyik", - E.Məmmədov əlavə edib.
O xatırladıb ki, bu il Azərbaycan və Surinam arasında diplomatik münasibətlərin qurulmasının 25 ili tamam olur.
"Biz beynəlxalq təşkilatlar çərçivəsində uzun illər ərzində inkişaf etdirdiyimiz əməkdaşlığı gücləndirməyə çalışırıq. İndi ikitərəfli əlaqələrimizi dərinləşdirmək üçün ən münasib vaxtdır", - Məmmədov qeyd edib.
Xatırladaq ki, Azərbaycanın hökumət missiyasının 3-5 mart tarixlərində baş tutan Surinam səfəri çərçivəsində Xarici İşlər nazirlikləri arasında birinci siyasi məsləhətləşmələr keçirilib. Tərəflər ikitərəfli və çoxtərəfli münasibətlərin perspektivlərini, yaşıl enerji, sərmayə, nəqliyyat, təhsil və mədəniyyət sahələrində əməkdaşlığı müzakirə ediblər. Missiyanın tərkibinə İqtisadiyyat, Energetika, Elm və Təhsil, Kənd Təsərrüfatı nazirlikləri, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) və “AzerGold” QSC nümayəndələri daxil olub.