Azərbaycan XİN başçısı peyvəndin əlçatanlığının təmin edilməsi üçün dünya dövlətlərinə çağırış edib

Azərbaycan XİN başçısı peyvəndin əlçatanlığının təmin edilməsi üçün dünya dövlətlərinə çağırış edib "Azərbaycan öz səylərini ölkədaxili nailiyyətlərlə məhdudlaşdırmamışdır"
Xarici siyasət
22 Fevral , 2021 18:19
Azərbaycan XİN başçısı peyvəndin əlçatanlığının təmin edilməsi üçün dünya dövlətlərinə çağırış edib
Ceyhun Bayramov

"Sessiyamız COVID-19 virusunun bəşəriyyət üçün böyük təhdid törətməyə davam etdiyi bir vaxtda baş tutur. Azərbaycan pandemiyaya dərhal cavab vermiş və meydana çıxan sosial-iqtisadi problemlərlə bağlı insan hüquqlarına əsaslanan yanaşma tətbiq edərək COVID-19 virusunun yayılmasının qarşısını almaq üçün səmərəli tədbirlər həyata keçirmişdir".

"Report" xəbər verir ki, bunu Xarici işlər naziri Ceyhun Bayramov BMT İnsan Hüquqları Şurasının 46-cı sessiyasının Yüksək Səviyyəli Seqmentində çıxışında deyib.

"Azərbaycan öz səylərini ölkədaxili nailiyyətlərlə məhdudlaşdırmamışdır. Qlobal səyləri dəstəkləmək məqsədilə Azərbaycan Hökuməti Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon ABŞ dolları, habelə, Qoşulmamama Hərəkatının virusdan daha çox əziyyət çəkmiş üzv ölkələrinə Hərəkatın sədri qismində əlavə 5 milyon dollar məbləğində yardım etmişdir. Azərbaycan həmçinin 30-dan çox ölkəyə ikitərəfli əsasda təcili humanitar yardım göstərmişdir.

Qoşulmama Hərəkatının hazırki sədri qismində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının dekabrın 3-4-də COVID-19 mövzusunda çağırılmış xüsusi sessiyası birlik, çoxtərəfli əməkdaşlıq, həmrəylik və insan hüquqlarına hörmətə əsaslanan əlaqələndirilmiş qlobal cavab verilməsi zərurətini bir daha təsdiq etmişdir.

İndi beynəlxalq ictimaiyyət nəinki davam edən sağlamlıq böhranına cavab vermək, habelə ədalətli və davamlı gələcək qurmaq üçün birgə fəaliyyət göstərməlidir. Bununla əlaqədar, Azərbaycan Respublikasının Prezidenti COVİD-19 virusuna qarşı peyvəndin inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr arasında qeyri-bərabər və ədalətsiz bölgüsü ilə bağlı ciddi narahatlığını ifadə etmişdir. Fürsətdən istifadə edərək bütün dövlətləri, beynəlxalq təşkilatları, beynəlxalq donor ictimaiyyətini, peyvənd istehsalçılarını və digər aidiyyəti tərəfləri bütün ölkələri COVID-19-a qarşı peyvəndlə əlçatan, maneəsiz, vaxtında və ədalətli formada təmin etməyə çağırırıq", - nazir bildirib.

Son xəbərlər

Orphus sistemi