Yuxarı

Azərbaycan XİN Londonda keçirilən beynəlxalq sərgidə ermənilərin təxribat cəhdinin qarşısını alıb

Azərbaycan səfirliyi sərginin təşkilatçıları və Böyük Britaniya XİN-ə öz narahatlığını bildirib

Bakı. 3 noyabr. REPORT.AZ/ Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Londonda keçirilən turizm sərgisində ermənilərin təxribat cəhdinin qarşısını alıb. 

Bu barədə "Report"a Azərbaycan XİN-i mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev bildirib.

Sərgi zamanı ermənilər Dağlıq Qarabağı Ermənistanın ərazisi kimi göstərməyə cəhd edən təxribat törətmək istəyiblər.

Azərbaycanın Böyük Britaniyadakı səfirliyi Dağlıq Qarabağ separatçı rejiminin sərgidə iştirakına yol verməmək üçün bir sıra tədbirlər görüb. 

Belə ki, Azərbaycan səfirliyi sərginin təşkilatçısı olan şirkətə bu məsələ ilə bağlı məlumat verib. "Eyni zamanda, Boyük Britaniyanın Xarici İşlər Nazirliyində görüş keçirilib və bu məsələ ilə əlaqədər Azərbaycan tərəfi narahatlığını ifadə edib" - deyə, H.Hacıyev qeyd edib. 

"Ermənistan tərəfi yenə də çalışırdı ki, qondarma Dağlıq Qarabağ və onu guya təmsil edən "Qarabağ Turizm inkişaf agentliyi" bu sərgidə müstəqil bir qurum kimi təmsil olunsun, amma Azərbaycan tərəfindən görülən tədbirlər nəticəsində bu qurumuna iştirakına imkan verilməyib. Onlar yenə də ənənələrinə sadiq qalaraq Ermənistana aid olan pavilyonda Dağlıq Qarabağa aid bir sıra məlumatları yerləşdirməyə və bunu Dağlığ Qarabağın iştirakı kimi təqdim etməyə çalışırlar" - deyə, Hacıyev bildirib. 

O vurğulayıb ki, Azərbaycan tərəfi bu istiqamətdə lazımi tədbirləri görməyə davam edəcək. 

Qeyd edək ki, bu gün Londonda 35-ci "World Travel Market" beynəlxalq sərgisi açılır. Bir sıra KİV məlumatlarına əsasən, Dağlıq Qarabağın separatçı rejimi həmin sərgidə iştirak etməyi planlaşdırıb.   

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi