Yuxarı

Azərbaycan XİN: Bəzi dairələr insan hüquqlarından məhdud siyasi məqsədlər üçün istifadə edir

BMT-nin ​İnsan hüquqları üzrə Ali komissarının Azərbaycanda insan hüquqlarının durumu ilə bağlı səsləndirdiyi fikirlər sifarşlidir

Bakı. 9 sentyabr. REPORT.AZ/ "BMT-nin İnsan hüquqları üzrə Ali komissarı Zeyd Raad Əl-Hüseynin Azərbaycanda insan hüquqlarının durumu ilə bağlı səsləndirdiyi fikirlər sifarşli və qeyri-obyektiv xarakter daşıyır".

Bunu "Report"a açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. 

Onun fikrincə, bəzi dairələr insan hüquqlarından bəhanə kimi istifadə edirlər: "Təəssüflər olsun ki, bəzi dairələr tərəfindən insan hüquqları məsələsi seçimli əsasda istismar olunur və məhdud siyasi məqsədlər üçün istifadə edilir.

Ermənistanın Azərbaycana qarşı təcavüzü və etnik təmizləmə siyasəti nəticəsində öz doğma torpaqlarında qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan artıq insanın hüquqlarının müdafiəsi barəsində vəzifə mandatına uyğun olaraq İnsan hüquqları üzrə BMT-nin Ali komissarı tərəfindən mövqe nümayiş etdirilmədiyi halda, ölkəmizdə məhkəmə qərarı ilə təsbit olunmuş fərdi cinayət əməllərinə siyasi müdaxilə cəhdləri qərəzli münasibətdən başqa bir şey deyildir.

Eyni zamanda münaqişələr nəticəsində yüz minlərlə insanın öz daimi yaşayış yerlərini tərk etmələri və bu əsasda özünü göstərən kütləvi miqrant problemi II Dünya müharibəsindən sonra Avropanın üzləşdiyi ən böyük humanitar fəlakət olaraq, kollektiv məsuliyyət tələb etdiyi halda, bəzi insan hüquqları müdafiəçisi olan təsisatların susqunluğu və fəaliyyətsizliyi özünü göstərir".

XİN rəsmisi deyib ki, Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və beynəlxalq səviyyədə tərəfdar çıxdığı öhdəlikləri əsasında ölkədə qanunun aliliyi, fundamental hüquq və azadlıqlar, o cümlədən mətbuatın azadlığı tam şəkildə təmin olunub: "Azərbaycan Respublikası vətəndaşlarının hüquq və mənafelərinin qorunması dövlətimizin ali məqsədidir". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi