Azərbaycan XİN başçısının müavini BMT-nin rəsmisi ilə görüşüb

Azərbaycan XİN başçısının müavini BMT-nin rəsmisi ilə görüşüb Xələf Xələfov: "Məhkəmə-hüquq sistemində mütəmadi olaraq islahatlar aparılır"
Xarici siyasət
27 Noyabr , 2017 20:03
Azərbaycan XİN başçısının müavini BMT-nin rəsmisi ilə görüşüb

Bakı. 27 noyabr. REPORT.AZ/ Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Bakıda səfərdə olan BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının Ofisinin Sahə Missiyaları və Texniki Əməkdaşlıq Departamentinin rəhbəri Jorjet Qanyonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirlikdən “Report”a verilən məlumata görə, X.Xələfov Azərbaycan hökuməti ilə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı arasındakı münasibətlərin mövcud səviyyəsindən məmnunluğunu bildirib. Eyni zamanda BMT-nin müxtəlif müqavilə qurumları ilə hərtərəfli və konstruktiv müzakirələrin aparıldığını və Azərbaycanın BMT-nin İnsan Hüquqları Şurasının xüsusi prosedurlar üzrə mandat daşıyıcıları ilə əməkdaşlığın səmərəliliyini vurğulayıb.

Nazir müavini Azərbaycanda insan hüquqları və əsas azadlıqlarının təmin olunmasına dövlət tərəfindən xüsusi diqqət yetirildiyini, bu sahədə mövcud olan milli qanunvericiliyinin təkmilləşdirildiyini, məhkəmə-hüquq sistemində mütəmadi olaraq islahatların aparıldığını, QHT-nin fəaliyyəti ilə bağlı prosedurların sadələşdirildiyini, vətəntdaş cəmiyyətinin möhkəmləndirildiyini və insan hüquqları sahəsində davamlı olaraq milli fəaliyyət proqramlarının qəbul edildiyini qeyd edib.

J.Qanyonun təmsil etdiyi qurumun Azərbaycan hökuməti ilə mövcud əməkdaşlığa böyük önəm verdiyini və ölkəmizin BMT-nin Dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsi istiqamətində atdığı addımların təqdirəlayiq olduğunu bildirib.

X.Xələfov ölkədə insan hüquqlarının bütövlükdə təmin olunmasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əngəl törətdiyini, Ermənistanın hərbi təcavüzü nəticəsində bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü və onların hüquq və azadlıqlarının kütləvi şəkildə pozulduğunu, lakin dünya ictimaiyyəti, o cümlədən beynəlxalq qurumlar tərəfindən məsələyə lazımı dərəcədə diqqət göstərilmədiyini qarşı tərəfin diqqətinə çatdırıb.

İşğalçı qüvvələrin beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq öz doğma torpaqlarını ziyarət edən məcburi köçkün Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürməsi və onların azadlıqdan məhrum etməsi faktlarına birmənalı qiymətin verilməsi vacibliyi vurğulanıb və bu barədə fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi