Yuxarı

Azərbaycan XİN: "Almaniya parlamentinin qondarma “erməni soyqırımı” ilə bağlı qətnaməsi qərəzli və qeyri-obyektivdir"

Hikmət Hacıyev: Tarixin saxtalaşdırılması və onun siyasi məqsədlər üçün istifadə edilməsi qəbuledilməzdir

Bakı. 2 iyun. REPORT.AZ/ Azərbaycan Xarici İşlər Nazirliyi Almaniya Bundestaqının 1915-ci ildə Osmanlı dövlətində baş vermiş hadisələri "erməni soyqırımı" kimi tanımasına münasibət bildirib. 

Azərbaycan xarici siyasət idarəsinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, Almaniya parlamentində qondarma “erməni soyqırımı” ilə əlaqədar iyunun 2-də qəbul edilmiş qətnamə qərəzli və qeyri-obyektivdir: "Tarixin saxtalaşdırılması və onun siyasi məqsədlər üçün istifadə edilməsi qəbuledilməzdir". 

Onun sözlərinə görə, Almaniya parlamentinin Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalına, Ermənistan ərazisində tarixi torpaqlarında və işğal olunmuş Azərbaycan ərazilərində bir milyondan artıq azərbaycanlıya qarşı Ermənistan tərəfindən törədilmiş qanlı etnik təmizləməyə, o cümlədən Xocalı soyqırımına etinasız qaldığı halda, 101 il əvvəl baş verdiyi iddia edilən “erməni soyqırımı” kimi saxtalaşdırılmış tarixi məsələyə dair birtərəfli qaydada qətnamə qəbul etməsi və ona dair mühakimələr yürütməsi ikili standartların bariz nümunəsidir. 

"Bu tarixi saxtakarlıq faktına parlament səviyyəsində münasibətin bildirilməsi Almaniya cəmiyyətinin və beynəlxalq ictimaiyyətin çaşdırılmasına xidmət edir", - deyə H.Hacıyev vurğulayıb.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi