Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin de-fakto tanındığı məkandan - REPORTAJ

Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin de-fakto tanındığı məkandan - REPORTAJ Paris. 28 may. REPORT.AZ/ Fransanın Paris şəhərinin Yelisey çöllərində yerləşən Klaric hoteli (Hotel Claridge) paytaxtın məşhur məhəlləsindəki mehmanxanalar kimi Osmanlı memarlığı üslubunda tikilmiş, möhtəşəm mebel, zəngin dekorasiyadan ibarət olsa da, ancaq digərlərindən fərqli olaraq tarixin keşməkeşli anlarının şahidi olub. Bu səbəbdən də binanı Fransa hökuməti tarixi abidə kimi milli irs siyahısına daxil edib.
Xarici siyasət
28 May , 2018 11:12
Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin de-fakto tanındığı məkandan - REPORTAJ

Paris. 28 may. REPORT.AZ/ Fransanın Paris şəhərinin Yelisey çöllərində yerləşən "Klaric" hoteli (Hotel Claridge) paytaxtın məşhur məhəlləsindəki mehmanxanalar kimi Osmanlı memarlığı üslubunda tikilmiş, möhtəşəm mebel, zəngin dekorasiyadan ibarət olsa da, ancaq digərlərindən fərqli olaraq tarixin keşməkeşli anlarının şahidi olub. Bu səbəbdən də binanı Fransa hökuməti tarixi abidə kimi milli irs siyahısına daxil edib.

"Report"un Qərbi Avropa bürosu çox mühüm tarixə şahidlik etmiş binadan reportaj hazırlayıb.

Əvvəlcə hərbi məqsədlər üçün istifadə olunan hotel

Bina I Dünya müharibəsi başlamamışdan əvvəl tikilərək istifadəyə verilib. Hazırda hoteldə menecer vəzifəsində işləyən Lotfi Melyani tarixi bina haqqında ətraflı məlumat verir: "Ötən əsrin əvvəlində tikilmiş, turistləri qəbul etməyə macal tapmamış hotelı Fransa Müdafiə Nazirliyi nəzarətə götürür və I Dünya müharibə illərində hərbi məqsədlər üçün istifadə edir. Dünyada sülhün bərqərar olunması prosesi bu tarixi binada yalnız 1918-ci ildə müharibə bitdikdən sonra öz əksini tapır. "Klaric" hoteli elə həmin ildə ilk müştərilərini qəbul edir və tezliklə qonaqlı-qaralı bir məkan kimi tanınır. Beləliklə, bu ünvan tanınmış ictimai-siyasi xadimlərin, iş adamlarının görüş yerinə çevrilir".

Topçubaşovun məskunlaşdığı məkan

Deməli, 1919-cu ildə Parisin Versal sarayında sülh konfransı keçirilib. Azərbaycan Xalq Cümhuriyyətini beynəlxalq tədbirdə ölkə parlamentinin sədri, görkəmli ictimai-siyasi xadim, diplomat Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Azərbaycan nümayəndə heyəti Parisə gəldiyi andan məhz "Klaric"də məskunlaşıb. Onlar Azərbaycanın müstəqilliyinin dünya səviyyəsində tanınması üçün gecə-gündüz durmadan çalışıb, müxtəlif görüşlər keçiriblər. Topçubaşov və digərləri məktubları, notaları "Klaric"də yazıblar. Hazırda Fransa Xarici İşlər və Müdafiə nazirliklərinin arxivlərində qorunan konfrans fotoları buna əyani sübutdur. Həmin fotolar Azərbaycan nümayəndə heyətinin yeni qurulmuş dövlətin müstəqilliyinin tanınması üçün ciddi-cəhdlə çalışdıqlarını gözlər önünə sərir.

Lotfi Melyani bizə otaqlar barədə ətraflı məlumat verir: "Düzdür, zaman keçdikcə hotelin dekorasiyası, mebel əşyaları və digər avadanlıq dəbə uyğun olaraq dəyişdirilib. Ancaq bununla belə, hotelin tarix boyu malik olduğu əsas konsepsiyası qorunaraq saxlanılıb".

Alman zabitlərin düşərgəsinə çevrilən bina

Sanki tarixə şahidlik etmək bu binanın taleyinə yazılıb. 1939-cu ildə II Dünya müharibəsi ilə başlayan faciələr Fransanı da öz caynağına alır. Yenə də bina tarixin ağır günlərini yaşamağa başlayır. 

Bələdçiniz bildirir ki, müharibə illəri "Klaric" hotelini alman qoşunları zəbt edir: "Hoteldə alman ordusunun yüksək rütbəli zabitləri, generalları ilə yanaşı, onlar üçün konsert proqramları ilə çıxış edən müğənnilər, tamaşalar göstərən incəsənət xadimləri də yerləşdirilib".

Burada dünyaca məşhur sənətkarlar da yaşayıblar 

Menecer deyir ki, "Klaric" bu gün olduğu kimi, o zaman da hotel-rezident kimi fəaliyyət göstərirdi: "Yəni otaqlarda müştərilərin istifadəsinə verilmiş mətbəxlər var idi. Bu da buranı uzun müddət yaşamaq üçün əlverişli edirdi. Bu hoteldə Edit Piaf, Marlen Ditrix, Jan Qaben kimi tanınmış incəsənət xadimləri uzun müddət yaşayıblar. Onlar burada qaldıqları müddətdə şəbəkə halında fəaliyyət göstərərək mədəni, intellektual müqavimət hərəkatı da yaratmağa nail olublar". 

Fransaya üz tutan turistlərin görüş yeri

Bu gün Yelisey Çölləri 74 ünvanında yerləşən binanı Fransa dövləti tarixi abidə kimi qoruyur. Lotfi Melyani vurğulayıb ki, binanın tarixi əhəmiyyətli abidəyə çevrilməsində Fransaya Paris Sülh Konfransında iştirak etmək, həmçinin yeni qurulmuş dünyəvi müsəlman dövləti olan Azərbaycanı tanıtdırmaq üçün gəlmiş Əlimərdan bəy Topçubaşovun başçılıq etdiyi nümayəndə heyətinin burada yerləşərək fəaliyyət göstərməsinin də böyük rolu olub: "Mən Azərbaycan nümayəndə heyətinin qaldığı hoteldə işlədiyim üçün fəxr edirəm". 

Beləliklə, sülh dövründə əsl sülh, əmin-amanlıq, xoş müjdələrin, müharibə vaxtı müharibənin acılarının şahidi olmuş hotel bu gün Fransaya üz tutan turistlərin görüş yeridir.

Son xəbərlər

Orphus sistemi