Azərbaycan və Yaponiya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Yaponiya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib Tokioda Azərbaycanın və Yaponiyanın Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.
Xarici siyasət
27 Noyabr , 2019 11:17
Azərbaycan və Yaponiya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

Tokioda Azərbaycanın və Yaponiyanın Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.

"Report" xəbər verir ki, məsləhətləşmələrdə Azərbaycan tərəfini Xarici işlər nazirinin müavini Ramiz Həsənov, Yaponiya tərəfini isə Xarici İşlər Nazirliyinin Avropa məsələləri bürosunun baş direktorunun müavini, Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndə, səfir Hideki Uyama təmsil edib.

H.Ueyama qeyd edib ki, ötən il ərzində iki ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf edib, bir sıra yüksək səviyyəli qarşılıqlı səfərlər həyata keçirilib. O vurğulayıb ki, Azərbaycan-Yaponiya XİN-ləri arasında siyasi məsləhətləşmələr iki ölkə arasında siyasi dialoqun dərinləşməsi, müxtəlif məsələlər üzrə fikir mübadiləsinin aparılması üçün yaxşı zəmin yaradır. Yaponiya Azərbaycan ilə münasibətlərə xüsusi önəm verir ki, bu da ölkəmizin Cənubi Qafqazda ən vacib dövlət olmasından, Azərbaycanın regionda sabitliyin və sülhün bərqərar edilməsində mühüm rol oynamasından irəli gəlir.

R.Həsənov öz növbəsində iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib, əməkdaşlığımızın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. İki ölkə arasında mütəmadi siyasi məsləhətləşmələrin aparılmasında və beynəlxalq, həmçinin regional təşkilatlar çərçivəsində mövqelərin uyğunlaşdırılması məqsədilə dialoqun davam etdirilməsində Azərbaycanın maraqlı olduğu qeyd edib.

Azərbaycan ilə Yaponiya arasında enerji sahəsində əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə edən R.Həsənov bununla yanaşı, qeyri-enerji sektorunda yüksək potensialın mövcudluğunu nəzərə alaraq, kənd təsərrüfatı, turizm, sənaye, nəqliyyat, informasiya texnologiyaları, səhiyyə, təhsil, idman və əczaçılıq sahələrində əməkdaşlığın inkişafı ilə bağlı birgə səylərin artırılmasının zəruriliyini qeyd edib.

Cənubi Qafqazda davam edən münaqişələrin, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin regionun sabitlik və təhlükəsizliyini təhdid etdiyini vurğulayan nazir müavini problemin həlli ilə bağlı görülən işlər barədə də qarşı tərəfi geniş şəkildə məlumatlandırıb.

H.Uyama Dağlıq Qarabağ münaqişəsinin həllinin Qafqaz regionunda sülh və stabillik üçün çox vacib olduğunu, bununla əlaqədar ölkəsinin ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçilik səylərini dəstəklədiyini bəyan edib, məsələnin tezliklə beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq sülh yolu ilə həllini arzulayıb.

Görüşdə Azərbaycanın Yaponiyadakı müvəqqəti işlər vəkili Fərid Talıbov və Xarici İşlər Nazirliyinin kadrlar idarəsinin rəisi Gürsel İsmayılzadə də iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi