Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə baş tutan “Azərbaycan-Türkiyə münasibətləri Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində” adlı tədbirdə “Azərbaycan-Türkiyə hərbi-təhlükəsizlik əlaqələrinin Türk Dövlətləri Təşkilatına təsiri” mövzusunda panel iclası keçirilib.
“Report” xəbər verir ki, panel başlamazdan əvvəl BMTM İdarə Heyətinin sədri Fərid Şəfiyev TDT-nin fəaliyyətindən söz açaraq bu gün onun türk dövlətləri arasında münasibətlərdə mühüm rol oynadığını vurğulayıb.
Daha sonra panel iclasında moderatorluq edən BMTM-in şöbə müdiri Cavid Vəliyev TDT-nin bu il 15-ci ildönümü olmasına diqqət çəkib:
“Ümumilikdə TDT son 30 ildə üç mərhələdən keçib və mənə görə dördüncü mərhələyə doğru gedir. Bundan sonrakı mərhələ Türk Dövlətləri Təşkilatı Türk Dövlətləri Birliyinə doğru gedir”.
O qeyd edib ki, Qarabağ zəfərindən sonra türk dövlətləri arasında inam daha da möhkəmlənib, türk dövlətləri birliyə daha da meyillənib və bu gün bunun nəticəsi olaraq Qırğızıstan və Qazaxıstan səfirləri də tədbirdə iştirak edir.

C.Vəliyev vurğulayıb ki, birgə bir çox layihələr keçiriləcək, düşündürücü məqam bu layihələrin təhlükəsizliyini kimin təşkil edəcəyidir.
İbn Haldun Universitetində Heydər Əliyev Mərkəzinin direktoru, professor Yaşar Sarı çıxışı zamanı Azərbaycan-Türkiyə ittifaqının regional proseslərə təsiri mövzusunda danışıb:
“Orta Asiya, yaxud Türküstan adlandırdığımız coğrafiyaya keçmək üçün Türkiyənin Azərbaycana ehtiyacı var. Ümumiyyətlə, biz münasibətləri üç təməl prinsip üzərində qururuq: kimlik (bir millət, iki dövlətik), mənfəət (iki ölkənin münasibətində hər iki tərəf qazanmalıdır) və güvən (etibar). İki ölkə arasında ittifaq münasibətinin qurulması üçün dövlətlər bir-birini tamamlama arzusuna sahib olmalıdırlar”.
Professor qeyd edib ki, Azərbaycanın təhlükəsizliyi mövzusunda Türkiyə, Türkiyənin təhlükəsizliyində isə Azərbaycan bir kömək göstərə bilirsə, deməli, bu bir ittifaq münasibətidir.
“Türkiyənin Azərbaycanla sıx münasibətləri regionda üç nöqtədə xüsusi diqqət çəkir: Qafqazdakı Azərbaycan-Ermənistan münasibətlərində, Gürcüstan üzərində, hətta regiona Rusiya-İran faktoru çərçivəsində. Belə ki, regiona Rusiya-İran təsirinin Azərbaycan və Türkiyənin birlikdə təsirindən daha az olduğunu görürük”, - o deyib.

Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadiyyat və işlətmə” kafedrasının dosenti Nazim Cəfərsoy isə bildirib ki, hərbi güc anlayışından danışıb:
“Hərbi güc həm tarixən, həm də bu gün dövlətlərarası əməkdaşlıqda ən mühüm komponentlərdəndir. Bugünkü beynəlxalq münasibətlər sistemi köklü dəyişikliklər içərisindədir. Bunlar isə Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığın önəmini artırır. Çünki türk dövlətlərinin coğrafiyası sərt gücün önəmini göstərir. Bu dövlətlərin sərhədlərinə yaxın ərazilərdə böyük münaqişələr baş verir”.
Xəzər Universitetinin tarix və arxeologiya departamentinin müdiri Telman Nüsrətoğlu, öz növbəsində, söyləyib ki, Azərbaycan-Türkiyə qardaşlığı çətin dövrlərin sınağının nəticəsidir:
“Türkiyənin yüksələn hərbi müdafiə gücü digər türk dövlətlərində buna böyük tələb formalaşdırıb. Bu, lokomotiv güc məsələsini ortaya qoyur. Türkiyənin milli müdafiə sənayesi ilə burada aparıcı ölkə olduğunu vurğulamaq mütləqdir. Mən tarixi gediş baxımından bütövlükdə türk yüksəlişinin olduğunu görürəm”.






