Azərbaycan və Rumıniya XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb

Azərbaycan və Rumıniya XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb Xarici işlər nazirinin müavini Xələf Xələfov Rumıniyaya səfər edib
Xarici siyasət
5 Sentyabr , 2018 17:48
Azərbaycan və Rumıniya XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb

Bakı. 5 sentyabr. REPORT.AZ/ Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti Rumıniyada rəsmi səfərdə olub. 

Nazirlikdən "Report"a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Rumıniya baş nazirinin Strateji tərəfdaşlığın həyata keçirilməsi üzrə müavini Ana Birçal, xarici işlər naziri Teodor Meleşkanu ilə görüşlər keçirib və nazir müavini Danuts Sebastian Nekulaesku ilə Azərbaycan və Rumıniya xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparıb.

Görüşlər zamanı iki ölkə arasında münasibətlərin dərin tarixi köklərə və əməkdaşlıq-tərəfdaşlıq ənənələrinə əsaslandığı, bu münasibətlərin bu gün də uğurla genişləndirilməsi və dərinləşdirilməsi barədə söhbət edilib, ölkələrimizin ikitərəfli olduğu kimi, çoxtərəfli müstəvidə də aktiv və səmərəli səkildə əməkdaşlıq etdiyi bildirilib.

Rumıniyanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olduğu qeyd olunub, keçən dövr ərzində münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatmasının hər iki ölkənin bu istiqamətdə əzmli və səmərəli fəaliyyətinin nəticəsi olduğu qeyd edilib. Aİ-Azərbaycan əlaqələrinin genişləndirilməsi istiqamətində strateji tərəfdaş kimi Rumıniyanın rolunun mühüm olduğu vurğulanıb. 2019-cu ilin ilk yarısında Rumıniyanın Avropa İttifaqı Şurasında sədrliyinin Aİ-Azərbaycan əlaqələrinin dərinləşməsi və möhkəmlənməsi nöqteyi-nəzərindən faydalı olacağı ifadə olunub.

Hər iki ölkənin müstəqilliyinin 100 illik yubileyi, diplomatik əlaqələrin 25 iliyi, strateji tərəfdaşlıq münasibətlərinin 10 iliyi barədə söhbət edilib, ölkələr arasında əldə edilmiş uğurlarının davamlı olacağı vurğulanıb.

Görüşlər zamanı iqtisadi əlaqələr müzakirə edilib, qeyri-neft sektoru, kənd təsərrüfatı, infrastruktur, informasiya texnologiyaları, turizm, humanitar və bu kimi digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün zəruri işlərin həyata keçirilməsinin vacibliyi bildirilib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunulub, münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü əsasında həll olunmasının Rumıniya tərəfindən həmişə dəstəklənəcəyi vurğulanıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindəki mövqeyinə görə Rumıniya tərəfinə minnətdarlıq bildirilib.

Görüşlər çərçivəsində siyasi məsləhətləşmələrin mütəmadi olaraq keçirilməsinin vacibliyi vurğulanıb, XİN-lərin idarələri arasında görüşlərin keçirilməsi, bu istiqamətdə Strategiya Planının üzərində çalışıldığı qeyd edilib. Rumıniyanın baş naziri Viorika Dançilanın Azərbaycana səfərinin qısa müddət ərzində həyata keçirilməsinin nəzərdə tutulduğu bildirilib.

Siyasi məsləhətləşmələr zamanı iqtisadi əməkdaşlığın genişləndirilməsinin vacibliyi bildirilib, Qara Dəniz-Xəzər Dənizi Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsi və Rumıniyanın TAROM şirkəti tərəfindən Buxarest-Bakı istiqamətində uçuşların həyata keçirilməsi məsələləri də müzakirə edilib.

Görüşlərdə həmçinin regionda və dünyada baş verən siyasi hadisələrlə bağlı müzakirələr, hazırkı geosiyasi vəziyyətdə ölkələrimizin milli maraqlarına dair fikir mübadilələri də aparılıb.

Rəsmi səfər çərçivəsində Buxarest şəhərində yerləşən Tei Parkındakı Heydər Əliyev xiyabanında ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub.

Son xəbərlər

Orphus sistemi