Bakı. 22 dekabr. REPORT.AZ/ TürkPA katibliyinin yeni binasının rəsmi açılışında iştirak etmək üçün Bakıya işgüzar səfəri çərçivəsində Qırğızıstan Joqorku Keneşinin (parlament) sədri Çınıbay Tursunbekov Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovla görüşüb.
"Report" "AKİpress"ə istinadən xəbər verir ki, görüş iştirakçıları Azərbaycan-Qırğızıstan əməkdaşlığının hazırkı vəziyyətini, eləcə də tərəflərin siyasi, iqtisadi və mədəni-humanitar sahələrdə tərəfdaşlığının inkişafı məsələlərini müzakirə ediblər.
Ç.Tursunbekov TürkPA Katibliyinin yeni binasının açılışının əlaqələrinin möhkəmləndirilməsinə şərait yaradacağını və qardaş xalqlar arasında dostluq körpüsü olacağını qeyd edib.
"Qırğızıstan Azərbaycanla əməkdaşlığın genişləndirilməsində, o cümlədən parlamentlərarası əlaqələrin möhkəmləndirilməsində maraqlıdır", - o əlavə edib.
Öz növbəsində, Milli Məclisin sədri həmkarını referendumun uğurlu keçirilməsi münasibətilə təbrik edib, həmçinin iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə töhfə verəcək parlamentlərarası əməkdaşlığın gücləndirilməsini zəruriliyini vurğulayıb.