Azərbaycan və Qətər XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Qətər XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib Doha şəhərində Azərbaycan və Qətərin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin ilk iclası keçirilib.
Xarici siyasət
2 Dekabr , 2019 18:12
Azərbaycan və Qətər XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

Doha şəhərində Azərbaycan və Qətərin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin ilk iclası keçirilib. 

XİN-dən "Report"a verilən məlumata görə, toplantıda Azərbaycan tərəfini Xarici İşlər nazirinin müavini Ramiz Həsənov, qarşı tərəfi isə Qətərin xarici işlər üzrə dövlət naziri Sultan bin Səd Əl-Mureyxi təmsil edib.

İclas zamanı Azərbaycan və Qətər ikitərəfli əməkdaşlığının bir sıra məsələləri üzrə geniş fikir mübadiləsi aparılıb. İki ölkə arasında siyasi, iqtisadi, kənd təsərrüfatı, turizm, elm-təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri ətrafında müzakirələr aparılıb.

Qətərin xarici işlər üzrə dövlət naziri Sultan bin Səd Əl-Mureyxi hər iki ölkənin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin ilk iclasının Doha şəhərində baş tutmasının sevindirici hal kimi qiymətləndirərək bu görüşlərin gündəmdə olan mühüm məsələlərin müzakirəsi üçün yaxşı fürsət yaratdığını diqqətə çatdırıb. S.Əl-Mureyxi ölkəsinin Azərbaycanla əlaqələrin hərtərəfli inkişafına böyük önəm verdiyini diqqətə çatdıraraq ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın uğurla davam etdirildiyini bildirib.

Öz növbəsində, Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov Azərbaycan ilə Qətər arasında yüksək səviyyəli siyasi əlaqələrin mövcudluğunu qeyd edərək siyasi məsləhətləşmələrin ikitərəfli münasibətlərin inkişafı və diplomatik əlaqələrin daha da gücləndirilməsində roluna toxunub. Nazir müavini iki ölkə arasında yüksək səviyyəli səfərlərin mübadiləsinin əhəmiyyətindən bəhs edərək, bu xüsusda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qətər Dövlətinə rəsmi səfərlərini qeyd edib. R.Həsənov həmçinin Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımlar və həyata keçirilən tədbirlər barədə müqabil tərəfə məlumat verib.

Öz növbəsində, R.Həsənov Ermənistanın işğalçı siyasətinin bölgədə təhlükəsizliyə ciddi hədə olduğunun bildirərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, mövcud vəziyyəti və danışıqlar prosesi barədə müqabil tərəfə müfəssəl məlumat verib. Nazir müavini Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün aradan qaldırılması, işğal olunmuş ərazilərin dərhal və qeyd-şərtsiz azad edilməsi, eləcə də qaçqınların öz doğma torpaqlarına qayıtmasını tələb edən BMT TŞ, həmçinin digər beynəlxalq təşkilatların müvafiq qətnamə və qərarlarını xatırladıb. Bu xüsusda, R.Həsənov münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində ədalətli həllində Azərbaycanın yanında olduğuna görə Qətər Dövlətinə minnətdarlığını ifadə edib.

Öz növbəsində, S.Əl-Mureyxi Qətərin BMT TŞ-nin müvafiq qətnamələrini tam dəstəklədiyini və münaqişənin sülh yolu ilə ədalətli həllinin tərəfdarı olduğunu vurğulayıb. O, münaqişənin təkcə Azərbaycanda deyil, bütün regionda sülh və sabitlik üçün təhlükə yaratdığı fikri ilə razılaşaraq münaqişənin sülh yolu ilə həllinin vacibliyini qeyd edib. S.Əl-Mureyxi bildirib ki, Qətər məsələ ilə əlaqədar bütün qərar və qətnamələrdə Azərbaycanın yanında olmuş və bundan sonra da olacaq.

Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, eləcə də qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb, siyasi məsləhətləşmələrin hər il keçirilməsi barədə razılıq əldə olunub. 

Son xəbərlər

Orphus sistemi