Yuxarı
    Bağlamaq

    Azərbaycan və Qazaxıstanın XİN başçıları arasında məktub mübadiləsi həyata keçirilib

    Elmar Məmmədyarov məktubunda Azərbaycan və Qazaxıstan arasında yüksək səviyyədə əməkdaşlığın olduğunu bildirib© Report.az

    Bakı. 30 avqust. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və qazaxıstanlı həmkarı Kayrat Abdraxmanov arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirilib.

    Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, E.Məmmədyarov həmkarına ünvanladığı məktubunda Azərbaycan və Qazaxıstan xalqları arasında dərin tarixi və mədəni-mənəvi əlaqələrin, qarşılıqlı hörmət və uzunmüddətli dostluğun iki ölkə arasında mövcud yüksək səviyyədə əməkdaşlığın təməlini qoyduğunu bildirib.

    Həmçinin nazir diplomatik münasibətlərin qurulmasından etibarən bütün sahələri əhatə edən ikitərəfli münasibətlərin qarşılıqlı faydalı əməkdaşlığın inkişafına xidmət etdiyini qeyd edib.

    E.Məmmədyarov əməkdaşlığın növbəti inkişafına dair mühüm qərarların Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin cari ildə Azərbaycana rəsmi səfəri və Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirdiyi görüşü əsnasında verildiyini diqqətə çatdırıb. Həmçinin nazir iki ölkə arasında sözügedən qərarların həyata keçirilməsinə istiqamətlənmiş diplomatik fəaliyyətin qarşıdan gələn illərdə də uğurlu və səmərəli şəkildə davam etdiriləcəyinə əminliyin ifadə edib.

    XİN başçısı Qazaxıstanın ikitərəfli və çoxtərəfli müstəvidə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinə dair ədalətli mövqeyini dəstəkləməsini yüksək qiymətləndirib.

    Qazaxıstanın xarici işlər naziri Kayrat Abdraxmanov Elmar Məmmədyarova ünvanladığı məktubunda iki ölkə arasında tarixi dostluğa əsaslanan yüksək səviyyəli siyasi dialoqun, ənənəvi hörmət və qarşılıqlı inam mühitinin ötən müddət ərzində Qazaxıstan-Azərbaycan əməkdaşlığının əsas nailiyyətləri olduğunu bildirib.

    K.Abdraxmanov iki ölkə arasında bütün səviyyələrdə qarşılıqlı təmasların çoxtərəfli əməkdaşlğın genişlənməsinə gətirib çıxardığını qeyd edib. Bu xüsusda, Nazir Qazaxıstan Prezidenti cənab Nursultan Nazarbayevin cari ilin aprel ayında Azərbaycana səfəri çərçivəsində gündəlikdə duran aktual məsələlərin müzakirə edildiyini və onların reallaşdırılması ilə strateji tərəfdaşlığın gələcək inkişafı üçün birgə səylərə təkan veriləcəyini diqqətə çatdırıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi