Azərbaycan və Qazaxıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Azərbaycan və Qazaxıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər Avqustun 24-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər.
Xarici siyasət
24 Avqust , 2022 18:51
Azərbaycan və Qazaxıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Avqustun 24-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər.

"Report" xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev bəyanatla çıxış edib.

-Hörmətli Kasım-Jomart Kemeleviç, hörmətli qonaqlar, xanımlar və cənablar.

Kasım-Jomart Kemeleviç, Sizi Azərbaycanda bir daha ürəkdən salamlayıram. Ölkəmizə xoş gəlmisiniz. Siz Azərbaycana rəsmi səfər edirsiniz. Bu, xalqlarımız arasında dostluğun və qardaşlığın təzahürüdür. Bu gün səfər çərçivəsində ikitərəfli gündəliyin aktual məsələlərinə, regional təhlükəsizliklə bağlı məsələlərə, beynəlxalq problemlərə dair ətraflı danışılar aparıldı, çoxlu sənədlər imzalandı. Onlardan bəziləri bizim iştirakımızla, 20-dən çox sənəd isə bu gün müvafiq strukturlar arasında imzalandı. Bu, münasibətlərimizin daha geniş hüquqi bazasını yaradır. Əlbəttə, həmin sənədlər içərisində Qazaxıstan ilə Azərbaycan arasında strateji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik qarşılıqlı əlaqələrinin dərinləşməsi haqqında indicə imzalanmış Bəyannaməni xüsusi qeyd etmək istərdim. Bu Bəyannamənin adı sənədin əhəmiyyətinə dəlalət edir. Biz təkcə strateji tərəfdaşlar deyil, həm də müttəfiqlərik. Əlbəttə, bu, bizim üzərimizə xüsusi məsuliyyət qoyur və biz bu məsuliyyətə hazırıq. Bəyannamə bizim əməkdaşlığımızın çox istiqamətlərini ehtiva edir və əlbəttə ki, gələcək fəaliyyətimiz üçün çox ciddi baza kimi xidmət edəcək.

Biz beynəlxalq arenada əməkdaşlığımızın inkişafı yollarını müəyyən etdik. Biz aparıcı beynəlxalq təşkilatlarda fəal qarşılıqlı əlaqə saxlayırıq və əlbəttə, çoxtərəfli əməkdaşlıq üçün yeni ilkin şərtlər yaranır. İyun ayında Bakıda Azərbaycan, Qazaxıstan və Türkiyənin xarici işlər və nəqliyyat nazirlərinin görüşü oldu. Bu, çoxtərəfli əməkdaşlığın yeni formatıdır və bu əməkdaşlığın böyük perspektivləri var. Birgə Bəyannamədə həm də Azərbaycanın Mərkəzi Asiyanın beş ölkəsi ilə çoxtərəfli əməkdaşlığının gələcəkdə mümkün inkişafı da əksini tapıb. Fikrimcə, bu da təbiidir, çünki xalqlarımızın tarixi də, ənənələri də, mədəniyyəti də bütün sahələrdə daha sıx qarşılıqlı fəaliyyət göstərilməsini tələb edir.

Bu gün biz nəqliyyat-logistika sahələri haqqında ətraflı danışdıq və hökumətin üzvlərinə əlaqələri intensivləşdirmək barədə müvafiq tapşırıqlar verdik. Çünki ölkələrimizi birləşdirən Orta Dəhlizin çox böyük perspektivləri var. Artıq həm Qazaxıstanda, həm də Azərbaycanda böyük həcmli yükləri nəql etməyə imkan verən müasir infrastruktur yaradılıb. Lakin biz əməkdaşlığın gələcək istiqamətlərini müəyyən etmişik ki, Orta Dəhlizin buraxıcılıq qabiliyyətini daha da artıraq.

Birgə Bəyannamədə Azərbaycanın Şərqi Zəngəzur rayonunun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinin vacibliyi də qeyd edilib. Bu da Orta Dəhlizin tərkib hissəsi olacaq. Mən işğaldan azad edilmiş ərazilərdə gördüyümüz işlər barədə Kasım-Jomart Kemeleviçi məlumatlandırmışam.

Fürsətdən istifadə edib Qazaxıstan Prezidentinə işğaldan azad edilmiş Füzuli şəhərində Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin yaradılması təşəbbüsünə görə bir daha təşəkkürümü bildirmək istərdim. Bu gün həmin mərkəzin təqdimatı keçirildi və biz Qazaxıstanda keçmiş məcburi köçkünlərin qayıtması probleminə nə dərəcədə səmimi münasibət bəsləndiyini, bu problemin Qazaxıstan üçün də nə dərəcədə aktual olduğunu bir daha gördük. Bu təşəbbüsə görə çox təşəkkür edirik. Bu, dostluğun, qardaşlığın, həmrəyliyin təzahürüdür. Əminəm ki, qazax xalqının böyük oğlu Kurmanqazının adını daşıyacaq Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzi həm də Qazaxıstan-Azərbaycan dostluğu mərkəzi olacaq.

Məni Qazaxıstanın ali ordeni – “Qızıl qartal” kimi tərcümə edilən “Altın kıran” ordeni ilə təltif etdiyinə görə Qazaxıstan Prezidentinə bir daha təşəkkürümü bildirmək istərdim. Mən bunu bütün Azərbaycan xalqına ehtiram əlaməti, ölkələrimiz və xalqlarımız arasında qardaşlıq münasibətlərinin inkişafı üçün göstərdiyim və göstərəcəyim səylərə münasibətin ifadəsi kimi qiymətləndirirəm.

Bu gün Qazaxıstan Prezidenti ilə görüşümüz zamanı mən onu Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinin indiki vəziyyəti barədə ətraflı məlumatlandırdım və Azərbaycanın Cənubi Qafqaz regionunda uzunmüddətli və möhkəm sülh yaratmaq niyyətini təsdiq etdim. Mən, eyni zamanda, Azərbaycanın ərazi bütövlüyünün həm işğal dövründə, həm də İkinci Qarabağ müharibəsindən sonra Qazaxıstan tərəfindən beynəlxalq qurumlar çərçivəsində daim dəstəklənməsinə görə təşəkkürümü bildirdim. Biz Azərbaycanda bunu yaxşı bilirik və çox yüksək qiymətləndiririk.

Bu gün biz söhbətlər və müzakirələr çərçivəsində əmtəə dövriyyəsinin necə artırılması məsələsinə də toxunduq. Fikrimcə, əsas diqqətin nəqliyyat-logistika sahəsi çərçivəsində məhz qarşılıqlı fəaliyyətimizin prioritet istiqamətləri üzərində cəmləşdirilməsi öz növbəsində daha artıq ixrac-idxal əməliyyatları həyata keçirməyə imkan verəcək. Mənim fikrimcə, burada böyük potensial var. Düşünürəm ki, Qazaxıstan Prezidenti bizim hədəflədiyimiz rəqəmi səsləndirdi – 1 milyard dollar dəyərində əmtəə dövriyyəsi. Məncə, hər iki tərəfin qarşılıqlı fəaliyyəti dərinləşdirmək niyyətini nəzərə almaqla, bu, tamamilə realdır.

Əlbəttə, informasiya-kommunikasiya texnologiyaları sahəsi ilə bağlı başqa məsələləri, humanitar əməkdaşlıq məsələlərini də müzakirə etdik. Başqa sözlə desək, bu gün müzakirə sahəsi kifayət qədər genişdir və hər bir istiqamət üzrə ölkələrimizin baxışlarının tamamilə üst-üstə düşdüyünü görürük. Bu, bir daha göstərir ki, Qazaxıstan və Azərbaycan təkcə sözdə deyil, əməli işdə də strateji tərəfdaşlar və müttəfiqlərdir.

Mən Qazaxıstan Prezidentinə ölkəmizə səfər etdiyinə, onun tərəfindən, qardaş qazax xalqı tərəfindən gördüyümüz münasibətə görə bir daha təşəkkürümü bildirmək istəyirəm. Kasım-Jomart Kemeleviçə onun bütün təşəbbüslərində öz adımdan və bütün Azərbaycan xalqı adından uğurlar arzulamaq istəyirəm. Mən hələ söhbət zamanı onun həyata keçirdiyi islahatlara, iqtisadi inkişafa yönəlmiş islahatlara, Qazaxıstanın müstəqilliyinin, suverenliyinin möhkəmlənməsinə yönəlmiş addımlara öz münasibətimi bildirmişəm. Biz Azərbaycanda bu islahatları tamamilə dəstəkləyirik və ən başlıcası, onlar Qazaxıstan xalqı tərəfindən dəstəklənir. Xalq görür ki, Prezidentin sözləri ilə işləri bir-birinə zidd deyil, onlar Kasım-Jomart Kemeleviçin Qazaxıstanı daha da inkişaf etdirmək üzrə fəaliyyətinin nəticələrini görürlər. Biz Sizin dostlarınız, qardaşlarınız kimi buna çox şadıq və bütün qardaş Qazaxıstan xalqına bundan sonra da uğurlar, firavanlıq və sülh arzu etmək istəyirik.

Diqqətinizə görə təşəkkür edirəm.

Sonra Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bəyanatla çıxış edib.

- Hörmətli İlham Heydər oğlu.

Hörmətli xanımlar və cənablar.

Mən, ilk növbədə, gözəl Bakı şəhərinə rəsmi səfərə dəvətə görə səmimi minnətdarlığımı bildirmək istərdim. Bu gün biz çox geniş məsələlərə dair səmərəli danışıqlar apardıq. Azərbaycan Prezidentinin düzgün olaraq qeyd etdiyi kimi, hansısa problem, maneə görmədik, əksinə, istər iqtisadi, istərsə də humanitar sahələrdə konkret nəticələrə nail olmaq məqsədilə səyləri artırmaq barədə qarşılıqlı istək ifadə olundu. Xüsusi qeyd etmək istərdim ki, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq ərazi bütövlüyünü Zəfərlə bərpa edən Azərbaycan öz inkişafının yeni dövrünə qədəm qoyub və bu işdə, əlbəttə ki, Azərbaycanın milli lideri, bizim qardaş ölkənin Prezidenti İlham Heydər oğlu Əliyevin çox böyük şəxsi xidmətləri var. Fürsətdən istifadə edib bir daha qeyd etmək istərdim ki, Azərbaycan bu gün Sizin güclü rəhbərliyinizlə öz inkişafında nəzərəçarpacaq nəticələrə nail olur, biz Sizin ölkənizdə bu tendensiyaları müşahidə edir və buna ürəkdən sevinirik.

Biz, həmçinin Qarabağın və Şərqi Zəngəzurun necə dinamik dirçəldildiyini görürük. Sizin şəxsi səyləriniz sayəsində yaxın gələcəkdə bu region çiçəklənən diyara çevriləcək, buna heç bir şübhə yoxdur. Qazaxıstan öz tərəfindən bu nəcib işə əlindən gələn töhfəni verməyə hazırdır. Bu gün bizim hədiyyəmizin təqdimatı keçirildi, qazax xalqı adından burada, - Füzuli şəhərini nəzərdə tuturam, - gələn ilin sonunadək Kurmanqazı adına incəsənət məktəbi tikiləcək. Bu obyektin inşası Qazaxıstanın aparıcı “BI” tikinti şirkətinə həvalə edilib. Bu gün o, zəmanət verdi ki, məktəb elan edilmiş müddətdə hazır olacaq və əlbəttə, keyfiyyət təmin ediləcək. Buna heç bir şübhə yoxdur, çünki şirkət kifayət qədər məsuliyyətlidir.

Bu da əlamətdardır ki, mənim səfərim yubiley tarixinə - ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ərəfəsinə təsadüf edir, üç gündən sonra biz bu tarixi qeyd edəcəyik. Demək lazımdır ki, mən ümumiyyətlə xidməti vəzifələrimlə əlaqədar ölkələrimiz arasında əməkdaşlığın inkişafı prosesində lap əvvəldən iştirak edirəm, biz kifayət qədər böyük yol keçmişik. Sıfırdan başlamışıq və bu gün ölkələrimiz arasında strateji tərəfdaşlıq və müttəfiqlik barədə tam əsasla danışırıq. Bu əməkdaşlığın genişləndirilməsi, şaxələndirilməsi barədə Bəyannamə imzalanıb. Bu, irəliyə doğru real addımdır.

Bizim aramızda etimada əsaslanan siyasi dialoq qurulub, dövlətlərimiz beynəlxalq məkanlarda, ilk növbədə, Birləşmiş Millətlər Təşkilatında, ATƏT-də, Türk Dövlətləri Təşkilatında əməkdaşlıq edirlər.

Hörmətli İlham Heydər oğlu, əlbəttə ki, mən fürsətdən istifadə edərək, Sizə Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri müşavirəsinin çağırılması barədə Qazaxıstanın təşəbbüsünü dəyişməz olaraq dəstəklədiyinizə görə təşəkkürümü bildirmək istərdim. Bu il oktyabrın ortalarında bizim paytaxtımızda Zirvə görüşü təşkil olunacaq və biz, əlbəttə ki, bu, çox mühüm forumda Sizin şəxsən iştirakınızı səbirsizliklə gözləyirik. Sizin bu forumda iştirakınız istənilən nəticə əldə etmək baxımından çox müsbət təsirə malik olacaq.

Həmçinin onu da qeyd etmək istərdim ki, ötən ilin yekunlarına görə qarşılıqlı əmtəə dövriyyəsinin həcmi üç dəfə artıb, yəni müsbət dinamika qorunub saxlanılır. Lakin mütləq rəqəmlərdə bu nəticə kifayət qədər ürəkaçan görünmür. Buna görə də bu gün razılaşma əldə edilib ki, tərəflər qarşılıqlı ticarətin məhz mütləq rəqəmlərinin artması üçün hər cür səy göstərəcəklər. Yəqin ki, yaxın illərdə biz milyard dollar həddinə nail olmaq barədə danışa biləcəyik.

Sevindirici haldır ki, gündəlikdə duran mədəni-humanitar məsələlər birgə səylərlə zənginləşir, bu da, əlbəttə, xalqlarımızın daha da yaxınlaşmasına kömək edir. Bu gün mən ölkəmizdə Azərbaycan mədəniyyəti ongünlüyünün keçirilməsi barədə təşəbbüs irəli sürdüm. Bu tədbirin populyarlığına heç bir şübhəm yoxdur, çünki xalqımız Azərbaycan mədəniyyəti üçün, sizin görkəmli incəsənət xadimləri üçün darıxıb. Mən ümidvaram ki, bu tədbir baş tutacaq və uğur qazanacaq. Bundan başqa, biz ölkələrimiz arasında mədəniyyət xadimlərindən ibarət nümayəndə heyətlərinin mübadiləsini həyata keçirmək barədə razılığa gəldik. Biz minnətdarıq ki, Sumqayıt şəhərində küçələrdən biri qazax xalqının görkəmli nümayəndəsi Əhməd Baytursınovun adını daşıyır. Əlamətdar haldır ki, Əhməd Baytursınov 1926-cı ildə məhz burada, Bakı şəhərində keçirilmiş Birinci Ümumittifaq Türkoloji Qurultayının nümayəndəsi olub. Mənim fikrimcə, bu fakt bir daha göstərir ki, ölkələrimiz və xalqlarımız arasında əlaqələr həmişə çox sıx olub.

Bildiyiniz kimi, bizim paytaxtımız Nur-Sultan şəhərinin, - o vaxt Astana adlanırdı, - küçələrindən birinə görkəmli dövlət xadimi, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin adı verilmişdir. Lakin şəhər inkişaf edir, paytaxt inkişaf edir və indi bugünkü mövqedən yanaşanda bu küçə o qədər də möhtəşəm deyil, amma Heydər Əliyevin adını daşıyır. Buna görə mən qərara aldım və paytaxtın akiminə müvafiq tapşırıq verdim ki, o, bizim paytaxtın böyük küçələrindən və ya prospektlərindən birinə Heydər Əliyevin – bizim çox böyük hörmət bəslədiyimiz, ölkəmizdə səmimi ehtiram bəslənilən insanın adının verilməsini təklif etsin.

Bu gün biz dövlətlərimiz arasında qarşılıqlı münasibətlərin və əməkdaşlığın nəqliyyat-logistika sahəsinin inkişafı barədə çox ətraflı söhbət etdik. Demək olar ki, müfəssəl danışıq, hökumətlərimizə müvafiq tapşırıqlar verdik. Əsla şübhə yoxdur ki, bu istiqamətdə konkret nəticələr əldə ediləcək. Hər halda Qazaxıstan tərəfindən əməkdaşlığın bu növünün inkişafına mütləq mənada maraq var.

Kənd təsərrüfatı sahəsini xüsusi qeyd etmək istərdim. Burada biz bir-birimizi qarşılıqlı tamamlayırıq. Bilirsiniz ki, Qazaxıstanın taxıl, buğda, kənd təsərrüfatı məhsullarının digər növlərini tədarük etmək imkanı var. Eyni zamanda, bizdə Azərbaycandan kənd təsərrüfatı məhsullarını, yəni, meyvə-tərəvəz məhsullarını idxal etməyə ehtiyac var. Ümumiyyətlə, bir sıra qazaxıstanlı istehsalçılar Azərbaycana 100 adda, 300 milyon dollardan artıq məbləğdə mal tədarükünü artırmağa hazırdırlar. Buna görə biz həmin əmtəə dövriyyəsinin logistikasını təmin etməliyik və bu, ölkələrimizin hökumətlərinin vəzifəsidir. Bu gün bu barədə razılığa gəldik.

Başqa məsələlərə gəldikdə, qeyd etmək istərdim ki, səfərimin yekunlarını çox uğurlu qiymətləndirirəm. İlk növbədə, Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevə, eləcə də onun hökumətinə əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində çox məhsuldar işə görə minnətdarlığımı bildirmək istərdim.

Qazaxıstana gəldikdə isə bizim tərəfimizdən hər hansı maneə olmayacaq, biz çox səmərəli işləyəcəyik. Biz tamamilə haqlı olaraq ölkələrimiz arasında qarşılıqlı münasibətlərin strateji xarakter daşımasından danışırıq. “Strateji” sözü çox öhdəliklər qoyur, bu söz konkret məna, konkret məzmun daşımalıdır və biz bunun üzərində işləməliyik. Mən əməkdaşlığımızın gələcəyi barədə çox nikbinəm. Qonaqpərvərliyə və yüksək işgüzar şərait yaradılmasına görə Sizə bir daha təşəkkür edirəm.

14:00

Avqustun 24-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Son xəbərlər

Orphus sistemi