Yuxarı

Azərbaycan və Misir arasında birbaşa aviareysin açılması barədə razılıq əldə olunub

Səfirlik: Azərbaycan və Misir arasındakı münasibətlər yaxşı səviyyədədir

Qahirə. 30 mart. REPORT.AZ/ "Azərbaycan və Misir arasındakı münasibətlər yaxşı səviyyədədir. Münasibətlərdə pik nöqtə 2011-ci ilə təsadüf edib. Amma təəssüf ki, bundan sonra məlum hadisələrə görə münasibətlərində eniş yaşanmağa başlayıb".

"Report"un məlumatına görə, bunu azərbaycanlı jurnalistlərlə görüşü zamanı Azərbaycanın Qahirədəki səfirliyinin müşaviri Rafael Bağırov deyib.

Onun sözlərinə görə, Misirdə prezident və parlament seçkiləri keçirildikdən sonra ölkədə hökumət formalaşıb və indi ikitərəfli səfərlərin təşkili üzərində iş aparılır: "Aprel ayında Qahirədə "Afrika-2016" forumu keçiriləcək. Orada dünyanın bir çox ölkələrindən prezidentlər və baş nazirlər iştirak edir. Mətbuatda Azərbaycan Prezidenti İlham Əliyevə də bu tədbirdə iştirak etmək üçün dəvət göndərilməsi barədə məlumat yayılmışdı. Amma hələlik biz onun iştirakını təsdiq edə bilmərik. Bu, tədbirə yaxın məlum olacaq".

İqtisadi əməkdaşlıq barədə danışarkən R.Bağırov ölkələr arasında hökumətlərarası komissiyanın yaradıldığını və onun 1-ci iclasının bu il Qahirədə keçirilməli olduğunu bildirib: "Misir tərəfdən həmsədr qismində beynəlxalq əməkdaşlıq naziri Sahar Nasr çıxış edir. Azərbaycanın həmsədri isə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevdir. Hazırda iclas zamanı imzalanacaq sənədlər üzərində iş görülür".

R. Bağırov, həmçinin iki ölkə arasında birbaşa aviareyslərin açılması barədə razılıq əldə olunduğunu bildirib. Onun sözlərinə görə, reyslər Misir aviaşirkəti tərəfindən həyata keçiriləcək.

Müşavir eyni zamanda səfirliyin və Azərbaycan diasporunun fəaliyyəti barədə danışıb: "Misirdə az sayda azərbaycanlı yaşayır, sayları təxminən 40 nəfərdir. Onlar əsasən tələbələr və misirlilər ilə ailə quranlardır. Səfirliyin tərkibində Azərbaycan məktəbi də fəaliyyət göstərir. Burada misirlilər Azərbaycan dilini və mədəniyyətini öyrənir. Misirin Ayn Şəms Universitetində və Qahirə Dövlət Universitetində isə tələbələrin Azərbaycan dilini öyrəndiyi bölmələr var. Bundan başqa, Azərbaycan səfirliyi mətbuatla əməkdaşlıq edən ən fəal diplomatik missiyaların biridir. Məqalələrdə Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat veririk. Biz həm də Dağlıq Qarabağ barədə reportaj hazırlamaq istəyən jurnalistlərə yardım edirik".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi