Azərbaycan və Mərakeş arasında bir sıra sənədlər imzalanıb

Azərbaycan və Mərakeş arasında bir sıra sənədlər imzalanıb İki ölkənin XİN başçısı Bakıda əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib
Xarici siyasət
5 Mart , 2018 13:09
Azərbaycan və Mərakeş arasında bir sıra sənədlər imzalanıb
Report/ Firi Salim

Bakı. 5 mart. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan Mərakeşin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Nasser Bourita ilə görüşüb.

"Report" xəbər verir ki, təkbətək və geniş tərkibli görüşlər zamanı tərəflər Azərbaycan və Mərakeş arasında əməkdaşlığın inkişaf perspektivləri, həmçinin bir sıra aktual regional məsələləri müzakirə ediblər.

İki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün geniş potensialın mövcud olduğunu qeyd edən tərəflər səfər çərçivəsində Azərbaycan-Mərakeş Hökumətlərarası Birgə Komissiyanın ilk iclasının keçirilməsinin iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına əsaslıtəkan verəcəyinə inam ifadə etdilər. Nazirlər iqtisadi-ticarət əlaqələrinin təşviq edilməsi üçün iki ölkənin biznes dairələri arasında birbaşa təmasların yaradılmasının vacibliyini vurğuladılar və enerji, kənd-təsərrüfatı, turizm, nəqliyyat və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq üçün əlverişli imkanların olduğunu qeyd etdilər.

Habelə, iki ölkə arasında mütəmadi olaraq xarici işlər nazirlikləri səviyyəsində siyasi məsləhətləşmələrin və diplomatik akademiyalar arasında tələbə-müəllim mübadiləsininaparılmasının vacibliyi qeyd olundu.

Azərbaycan və Mərakeş arasında mədəni əlaqələrin inkişaf səviyyəsindən razılıq ifadə edən tərəflər hər iki ölkədə keçiriləcək Mədəniyyət günlərinin xalqlarımız arasında dostluq əlaqələrinin gücləndirilməsinə və qarşılıqlı turizm axınına töhfə verəcəyinə əminliklərini vurğuladılar.

Tərəflər beynəlxalq gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi apardılar və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxundular. Nazir Elmar Məmmədyarov ölkəmizin Expo-2025-ə ev sahibliyi etmək üçün müraciət etdiyini qeyd etdi. O həmçinin, həmkarına bu ilin aprelində Bakıda keçiriləcək Qoşulmama Hərəkatı nazirlər toplantısı haqqında məlumat verdi. Eyni zamanda Azərbaycan və Mərakeşin beynəlxalq səviyyədə dinlər və mədəniyyətlərarası dialoq prosesinə və qarşılıqlı anlaşmaya yaxından töhfə verdiyi vurğulandı.

Görüş əsnasında nazir Elmar Məmmədyarov həmsöhbətə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi, Azərbaycanın haqlı və ədalətli mövqeyi, habelə Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində Azərbaycan xalqına və İslam dininə aid maddi-mədəni və dini irsin talan və məhv edilməsi siyasəti haqqında məlumat verdi. Həmçinin, nazir Məmmədyarov Mərakeş Krallığının Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə dair yaradılmış İƏT Kontakt Qrupuna daxil olmasına və ölkəmizin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq ədalətli mövqeyini dəstəkləməsinə görə minnətdarlığını bildirdi.

Görüşün yekununda bir sıra sənədlər imzalanıb. Belə ki, xarici işlər nazirləri Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında ikiqat vergitutmanın aradan qaldırılması və gəlir vergilərinə münasibətdə vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya imzalayıblar.

Həmçinin nazirlərin iştirakı ilə təhlükəsizlik və cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş, "Azərbaycan Dəmir Yolları" QSC və "Mərakeş Milli Dəmir Yolları" arasında Niyyət Protokolu, Azərbaycan Dövlət Dəniz Akademiyası və Mərakeş Dəniz Araşdırmaları Ali İnstitutu arasında Niyyət Protokolu imzalanıb.

Son xəbərlər

Orphus sistemi