Yuxarı

​Azərbaycan və Macarıstan arasında bir neçə sənəd imzalanıb

İki ölkə arasında strateji tərəfdaşlıq bəyannaməsinə imza atılıb

Bakı. 11 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycan prezident İlham Əliyev və Macarıstanın baş nazir Viktor Orbanın geniş tərkibdə görüşündən sonra Azərbaycan-Macarıstan sənədləri imzalanıb.

"Report" AzərTAc-a istinadən xəbər verir ki, prezident İlham Əliyev və baş nazir Viktor Orban “Azərbaycan ilə Macarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”yə imza atıblar.

Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev və Macarıstanın iqtisadi tənzimləmələr üzrə dövlət katibi Bela Qlatfelder “Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə Macarıstanın Milli İqtisadiyyat Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş”i imzalayıblar.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və Budapeşt şəhərinin meri İştvan Tarloş “Bakı Şəhər İcra Hakimiyyəti ilə Budapeşt Şəhər Meriyası arasında dostluq və əməkdaşlıq haqqında Protokol”u imzalayıblar.

Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və Macarıstanın qida məhsullarına nəzarət üzrə dövlət naziri Robert Şiqo “Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi ilə Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi arasında heyvan sağlamlığı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu imzalayıblar.

Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və Macarıstanın milli inkişaf naziri Miklos Şestak “Azərbaycan hökuməti ilə Macarıstan hökuməti arasında hava əlaqəsi haqqında Saziş”i imzalayıblar.

Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov və Macarıstanın milli inkişaf naziri Miklos Şestak “Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Macarıstanın Milli İnkişaf Nazirliyi arasında Azərbaycanda Regional Məlumat Mərkəzinin yaradılması və innovativ texnologiyaların tətbiqi sahəsində əməkdaşlıq haqqında Saziş”i imzalayıblar.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto “Azərbaycanın Gənclər və İdman Nazirliyi ilə Macarıstanın İnsan Resursları Nazirliyi arasında idman və gənclər sahələrində əməkdaşlıq haqqında Saziş”ə imza atıblar. Elmar Məmmədyarov və Peter Siyarto, həmçinin “Azərbaycanın Təhsil Nazirliyi ilə Macarıstanın İnsan Resursları Nazirliyi arasında 2015-2017-ci illər üzrə İş Proqramı”nı da imzalayıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi