“Rusiyanın Ukraynada apardığı müharibə dünyada və regionda yeni geosiyasi reallıqlar yaradıb və beynəlxalq platformalarda bununla bağlı səylərin əlaqələndirilməsi həm Azərbaycanın, həm də ərəb ölkələrinin maraqlarına uyğundur”.
Bunu “Report”a açıqlamasında siyasi və hərbi analitik Məhəmməd Saleh Alftayeh bildirib.
Onun sözlərinə görə, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra bir çox ölkələr Rusiya ilə Qərb arasında neytral mövqe tutmaq istəyir: “Azərbaycan və bir çox ərəb ölkələri Qərbdə siyasi və iqtisadi müttəfiqlərinin olması fikrini bölüşür. Lakin Rusiya coğrafi baxımdan daha yaxındır və Aralıq, Qara və Xəzər dənizləri ilə həmsərhəd regionda cərəyan edən proseslərdə daha çox iştirak edir”.
M.S.Alftayeh qeyd edib ki, Çin və Qərb arasında gərginlik artdığı üçün Azərbaycan və ərəb dünyasının nüfuzlu ölkələrinin koordinasiyalı fəaliyyəti gələcəkdə faydalı olacaq.
Politoloq vurğulayıb ki, Azərbaycan strateji baxımdan Çin və Cənub-Şərqi Asiyanı Avropa ilə birləşdirən ticarət yolları üzərində yerləşir: “Qərb Çindən ticarət asılılığını zəiflətdikcə və İndoneziya, Malayziya, Banqladeş və Vyetnam kimi Cənub-Şərqi Asiyanın digər ölkələri ilə əlaqələri genişləndirdikcə, bu coğrafi mövqe əhəmiyyətli olaraq qalacaq”.
O əlavə edib ki, bu ölkələrin əksəriyyəti həm də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvüdür və Fars körfəzi ölkələri, həmçinin Türkiyə ilə yaxşı münasibətlərə malikdir: “Odur ki, müsbət neytral mövqedə olmaq və beynəlxalq platformalarda səyləri əlaqələndirmək uzunmüddətli perspektivdə həm Azərbaycan, həm də ərəb ölkələri üçün faydalıdır”.