Səfir: "Azərbaycan və Belarus hüquq-mühafizə orqanları Aleksandr Lapşinlə bağlı danışıqlar aparır"

Səfir: "Azərbaycan və Belarus hüquq-mühafizə orqanları Aleksandr Lapşinlə bağlı danışıqlar aparır" Gennadi Axramoviç: "Sorğunun hüquqi əsası varsa, ekstradisiya üçün heç bir problem yoxdur"
Xarici siyasət
28 Dekabr , 2016 13:41
Səfir: Azərbaycan və Belarus hüquq-mühafizə orqanları Aleksandr Lapşinlə bağlı danışıqlar aparır

Bakı. 28 dekabr. REPORT.AZ/ "Blogger Aleksandr Lapşin Belarus Prokurorluğu tərəfindən iki ay müddətinə saxlanılıb. Hazırda iki ölkənin hüquq-mühafizə orqanları arasında məsələylə bağlı danışıqlar aparılır. Amma onun Azərbaycana ekstradisiyası ilə bağlı sorğunun olub-olmamasından əmin deyiləm. Səfirlik vasitəsilə belə bir sorğu verilməyib".

"Report" xəbər verir ki, bu fikirləri Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu və ya digər şəxsin ekstradisiyası üçün sorğunun hüquqi əsası olduğu təqdirdə qanun pozucusunun qarşı tərəfə verilməsində heç bir problem yoxdur. 

Qeyd edək ki, Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan Aleksandr Lapşin Ermənistan Silahlı qüvvələri tərəfındən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, “Pasportlar haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olub, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə internet sosial şəbəkəsində özünə məxsus “http//puerrtto.livejournal.com” səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.

A.Lapşının hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb və barəsində dövlətlərarası axtarış elan edilib.

Belarus Respublikası hüquq mühafizə orqanlarının həyata keçirdikləri tədbirlər nəticəsində A.Lapşin saxlanılıb. Hazırda A.Lapşinin Azərbaycan Respublikasına ekstradisiya olunması ilə əlaqədar zəruri tədbirlər aparılır.

Xatlırladaq ki, bundan əvvəl Azərbaycanın Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri ilə əlaqədar A.Lapşinin adını arzuolunmaz şəxslər siyahısına daxil edib.

Son xəbərlər

Orphus sistemi