Yuxarı

Azərbaycan və Belarus birgə iqtisadi layihələrin həyata keçirilməsini müzakirə ediblər

Görüşdə iki ölkə arasında ticarət dövriyyəsində daha yaxşı nəticələr əldə etmək üçün geniş imkanların olduğu vurğulanıb

Bakı. 6 yanvar. REPORT.AZ/ Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Belarusun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolay Patskeviçi qəbul edib.

İqtisadiyyat və Sənaye Nazirliyindən "Report"a verilən məlumata görə, görüşdə Ş.Mustafayev iki ölkə arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini qeyd edib, əlaqələrin genişləndirilməsində qarşılıqlı rəsmi səfərlərin, keçirilən görüşlərin xüsusi rolunu vurğulayıb. Nazir Azərbaycan iqtisadiyyatı barədə məlumat verib, Azərbaycan və Belarus arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün mövcud potensialdan səmərəli istifadə edilməsinin əhəmiyyətini qeyd edib.

Belarus səfiri N.Patskeviç Azərbaycanın dinamik iqtisadi inkişafından məmnunluğunu bildirib, ölkəsinin Azərbaycanla əməkdaşlığa önəm verdiyini, qarşılıqlı əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini vurğulayıb.

Görüşdə Azərbaycan və Belarus arasında ticarət dövriyyəsində müsbət dinamikanın müşahidə edildiyi, bununla belə bu sahədə daha yaxşı nəticələr əldə etmək üçün geniş imkanların olduğu diqqətə çatdırılıb, dövlət başçılarının görüşləri zamanı əldə edilmiş razılaşmaların icrası məqsədilə iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə də maşınqayırma və kənd təsərrüfatı sahəsində əməkdaşlığa, eləcə də sənaye parkları və sənaye məhəllələrinə, aqroparklara, birgə biznes forumların və sərgilərin keçirilməsinə dair müzakirələr aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi