Səfir: "Azərbaycan və Belarus arasında hərbi əməkdaşlıq üçüncü ölkələrə qarşı yönəlməyib"

Səfir: "Azərbaycan və Belarus arasında hərbi əməkdaşlıq üçüncü ölkələrə qarşı yönəlməyib" İki ölkənin ticarət dövriyyəsi ötən illə müqayisədə kəskin azalıb
Xarici siyasət
28 Dekabr , 2016 12:57
Səfir: Azərbaycan və Belarus arasında hərbi əməkdaşlıq üçüncü ölkələrə qarşı yönəlməyib

Bakı. 28 dekabr. REPORT.AZ/ "Bu il dünyada baş verən iqtisadi proseslər Azərbaycanla Belarus arasındakı ticarət əlaqələrinə də təsir edib".

"Report" xəbər verir ki, bunu Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç 2016-cı ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O, dövlət başçılarının hər zaman iqtisadiyyatı diqqət mərkəzində saxladığını qeyd edib: "Qlobal iqtisadi böhranla əlaqədar olaraq, bu ilin ilk 10 ayı ərzində ölkələrimiz arasındakı ticarət dövriyyəsi təxminən 104 milyon dollar təşkil edib. Bu, ötən illə müqayisədə 50%-dən çox azalma deməkdir. İlin sonunda ticarət dövriyyəsinin artacağına ümid edirəm. Eyni zamanda, Azərbaycandan Belarusa ixracın 3,7 dəfə artmasını alqışlayırıq. İki ölkə arasında 300-dən çox adda məhsul üzrə idxal-ixrac əməliyyatı həyata keçirilib. Bunlardan 80 adda məhsul yenidir".

G.Axramoviç son bir il ərzində iki ölkə arasında siyasi əlaqələrin artdığını da qeyd edib.

Səfir həmçinin Azərbaycanda həyata keçirilən iqtisadi islahatlara toxunub, Belarus iqtisadiyyatının diversifikasiyası, o cümlədən iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı üçün görülən tədbirləri alqışladığını bildirib: "Əhalisinin sayı demək olar Azərbaycandakı qədər olan Belarus 60 milyona qədər insanı qidalandıra bilər. Odur ki, kənd təsərrüfatı sahəsində təcrübəmizi azərbaycanlı dostlarla bölüşməyə çalışırıq".

G.Axramoviç hər iki ölkənin ikitərəfli münasibətlərdə sənaye sahəsinin inkişafına böyük diqqət ayırmağa davam etdiyini vurğulayıb, bu baxımdan Gəncə Avtomobil Zavodunun inkişafını və gücünün artırılmasını qeyd edib: "2007-ci ildən bəri zavod 8 min traktor və 3,5 min MAZ avtoqoşqusu istehsal edib. Artıq zavod məhsullarını Gürcüstana tədarük edib. Bir sıra başqa ölkələrə də tədarüklə bağlı danışıqlar gedir. Həmçinin Belarus avtobuslarının istehsalı artırılır. Ümid edirəm ki, tezliklə Belarus avtobusları Azərbaycan şəhərlərinin küçələrində hərəkət edəcək".

Səfir həmçinin tibb, yüksək texnologiyalar, telekommunikasiya və turizm sahəsində əməkdaşlığın inkişaf etdiyini bildirib, bu sahələrdə Belarus uğurlarından danışıb və ölkəsinin təcrübəsini Azərbaycanla bölüşməyə hazır olduğunu söyləyib.

G.Axramoviç deyib ki, Azərbaycan və Belarus arasında hərbi əməkdaşlıq hansısa üçüncü ölkəyə qarşı yox, iki ölkənin hərbi potensialının inkişafına yönəlib.

Son xəbərlər

Orphus sistemi