Azərbaycan və Argentina arasında siyasi məsləhətləşmələr keçirilib - YENİLƏNİB

Azərbaycan və Argentina arasında siyasi məsləhətləşmələr keçirilib - YENİLƏNİB Bakı. 13 sentyabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Argentinada səfərdə olub.
Xarici siyasət
13 sentyabr 2018 11:40
Azərbaycan və Argentina arasında siyasi məsləhətləşmələr keçirilib - YENİLƏNİB
0 : 00
0 : 00

Bakı. 13 sentyabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Argentinada səfərdə olub.

Bu barədə "Report"a XİN-in Mətbuat xidmətindən məlumat verilib.

X.Xələfov səfər çərçivəsində Argentina Parlamentinin Senatının sədri Federiko Pinedo, Senatın Xarici əlaqələr və etiqad komissiyasının sədri Xulio Kobos, Deputatlar Palatasının Xarici əlaqələr və etiqad komissiyasının sədri Kornelia Schmidt Lierman, həmçinin Deputatlar Palatasında Azərbaycanla parlamentlərarası dostluq qrupunun sədri deputat Hector Olivarez və qrup üzvləri ilə görüşüb.

Görüşlər zamanı coğrafi baxımdan uzaq məsafələrdə yerləşməsinə baxmayaraq, Azərbaycan və Argentina arasında ikitərəfli münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyi, eyni zamanda hər iki dövlətin müxtəlif sahələrdə potensialını nəzərə alaraq, yeni əməkdaşlıq imkanlarından faydalanmağın vacib olduğu bildirilib. 2018-ci ilin Azərbaycan və Argentina arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlamətdar olduğu vurğulanaraq mövcud siyasi dialoqun yüksək səviyyəsinin əməkdaşlığın digər sahələrində də irəliləyişlərə təkan verdiyi qeyd olunub.

Görüşlərdə həmçinin Ermənistan-Azərbaycan münaqişəsi, münaqişə üzrə danışıqlar prosesinin son durumu barəsində geniş fikir mübadiləsi aparılıb, mövcud münaqişələrin beynəlxalq hüquq normalarına uyğun olaraq, dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət və riayət edilməsi əsasında həll olunmasının labüdlüyü qeyd edilib.

Səfər zamanı həmçinin Argentinanın xarici işlər və etiqad nazirinin müavini Gilyermo Raimondi və Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərliyi ilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Argentina Respublikasının Xarici İşlər və Etiqad Nazirliyi arasında sayca 4-cü siyasi məsləhətləşmələr keçirilib.

Siyasi məsləhətləşmələr zamanı Argentinanın xarici işlər və etiqad nazirinin müavini G.Raimondi Argentina üçün həssas dönəmə təsadüf edən bu səfərin yüksək qiymətləndirildiyini bildirərək, Argentinanın Azərbaycanla əməkdaşlığı genişləndirmək və dərinləşdirməkdə maraqlı olduğunu vurğulanıb. O, xüsusilə iqtisadi sahədə əməkdaşlıq baxımından geniş imkanlar olduğunu diqqətə çatdırıb.

Nazir müavini X.Xələfov ikitərəfli münasibətlərin genişləndirilməsi üçün qarşılıqlı səfərlərin və təmasların vacib olduğunu qeyd edərək Azərbaycan və Argentina arasında siyasi və beynəlxalq məsələlər baxımından fikir ayrılıqlarının mövcud olmadığını, mövqelərin çox yaxın, bəzi hallarda isə üst-üstə düşdüyünü qeyd edib. X.Xələfov Ermənistan-Azərbaycan münaqişəsi üzrə Argentinanın Azərbaycanın ədalətli mövqeyinə dəyişməz dəstək və münasibətinin yüksək qiymətləndirildiyini xüsusi vurğulayıb.

X.Xələfov çoxtərəfli platformada qarşılıqlı dəstəyin ifadə edilməsinin önəmli olduğunu əlavə edib.

Görüş zamanı həmçinin iqtisadi əməkdaşlığın vacibliyi bildirilib, ikitərəfli iqtisadi əlaqələrin inkişafı üçün hökumətlər çərçivəsində lazımi mexanizmlərin təsis edildiyi qeyd edilib və Hökumətlərarası İşçi Qrupunun növbəti iclasının 2019-cu ildə Bakıda keçirilməsi barəsində niyyət ifadə edilib. Göstərilən səylər nəticəsində ticarət dövriyyəsində müəyyən artım dinamikasının müşahidə edildiyi və nəqliyyat, energetika, qeyri-neft sektoru, kənd təsərrüfatı, infrastruktur, informasiya texnologiyaları, turizm, mədəniyyət və bu kimi digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün zəruri işlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Siyasi məsləhətləşmələrdə həmçinin yaxın keçmişdə qarşılıqlı səfərlər çərçivəsində imzalanmış müqavilələrin statusu və icrası barəsində müzakirələr aparılıb və hüquq-müqavilə bazasının möhkəmləndirilməsinin ikitərəfli əməkdaşlığın genişləndirilməsində mühüm rol oynadığı qeyd olunub. 


*** 10:19

Buenos-Ayresdə Azərbaycan və Argentina Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilir.

"Report"un Azərbaycanın Argentinadakı səfirliyinə istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov başçılıq edir.

Məsləhətləşmələr zamanı tərəflər siyasi əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

Son xəbərlər

Orphus sistemi