Azərbaycan və Aİ miqrasiya sahəsində əməkdaşlığı gücləndirir

Azərbaycan və Aİ miqrasiya sahəsində əməkdaşlığı gücləndirir Bakıda Mobillik naminə Tərəfdaşlığın həyata keçirilməsinə dəstək layihəsinin təqdimatı keçirilib
Xarici siyasət
14 Aprel , 2016 10:01
Azərbaycan və Aİ miqrasiya sahəsində əməkdaşlığı gücləndirir

Bakı. 14 aprel. REPORT.AZ/ Bakıda Avropa İttifaqı və Azərbaycan arasında imzalanmış Mobillik naminə Tərəfdaşlığın həyata keçirilməsinə dəstək layihəsinin (MOBILAZE) təqdimatı keçirilib.

"Report" xəbər verir ki, tədbirdə müxtəlif dövlət qurumlarının, Aİ-nin Azərbaycandakı ofisinin və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (ICMPD) nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən Azərbaycan Xarici İşlər Nazirliyinin sosial və humanitar məsələlər şöbəsinin rəis müavini Seymur Mərdəliyev layihəsi haqqında məlumat verib. O, Azərbaycan və Aİ arasında miqrasiya, readmissiya və qeyri-qanuni miqrasiyanın qarşısının alınması sahəsində sıx əməkdaşlığın mövcud olduğunu diqqətə çatdırıb.

Öz növbəsində, Avropa İttifaqının Azərbaycan ofisinin rəhbəri Malena Mard 2005-ci ildən bəri miqrasiya sahəsində əhəmiyyətli işlər görüldüyünü qeyd edib. O əlavə edib ki, hazırda Avropa bu məsələ ilə bağlı siyasi diqqət mərkəzindədir. Xanım diplomat bu layihənin miqrasiya sahəsində Aİ və Azərbaycanın mövqeyini yaxınlaşdırmağa imkan verəcəyini qeyd edib. M.Mard bu sahədə Azərbaycanla həyata keçirilmiş və həyata keçirilən proqramları xatırladaraq, bunu Aİ-nin Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunun sübutu kimi dəyərləndirib.

Qeyd edək ki, 3 il davam edəcək layihənin məqsədi miqrasiya sahəsində dövlət siyasətinin hazırlanması, miqrasiya sahəsində monitorinq, təhlil və proqnozlaşdırma qabiliyyətinin artırılmasıdır.

Son xəbərlər

Orphus sistemi