Yuxarı

Azərbaycan və Afrika İttifaqı arasında humanitar əməkdaşlığı müzakirə olunub

Elman Abdullayev Afrika İttifaqının Siyasi Məsələlər üzrə komissarı Aişə Abdullahi ilə görüşüb

Bakı. 29 iyun. REPORT.AZ/ Azərbaycanın Afrika İttifaqı yanında daimi nümayəndəsi Elman Abdullayev Afrika İttifaqının Siyasi Məsələlər üzrə komissarı Aişə Abdullahi ilə görüş keçirdi. "Report"a səfirlikdən verilən məlumatına görə, E.Abdullayev Azərbaycanın regionda lider ölkə olması, Azərbaycanın uğurları, ölkənin dəstəyi ilə həyata keçirilən humanitar layihələr və regionun inkişafına verdiyi töhfəsi barədə geniş məlumat verib. 

O, komissar Aişə Abdullahiyə Ermənistanın təcavüzkar siyasəti və bu təcavüzkar siyasət nəticəsində Azərbaycanın torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu və 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburu köçkün düşdüyünü qeyd edib. Səfir Ermənistanın işğalçı siyasətinin beynəlxalq təşkilatlar, xüsusilə BMT Təhlükəsizlik Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar tərəfindən dəfələrlə pisləndiyini və müvafiq qətnamələrin qəbul olunduğunu komissarın diqqətinə çatdırıb.

Azərbaycan haqqında ətraflı məlumat verən səfir Azərbaycanın bir çox yüksək səviyyəli beynəlxalq miqyaslı tədbirlərə ev sahiblik etdiyini bildirib və "Bakı 2015" ilk Avropa Oyunları barədə ətraflı məlumat verib.

Görüş zamanı Aişə Abdullahiyə Azərbaycanın dünyanın bir çox ölkələrində həyata keçirdiyi humanitar layihələri, ehtiyacı olan və təbii fəlakətlərlə üzləşmiş ölkələrə etdiyi humanitar yardımlar barədə geniş məlumat verilib.Azərbaycanın humanitar sahədə olduqca fəal olmasını yüksək qiymətləndirən komissar ölkənin bu sahədəki beynəlxalq fəaliyyəti ilə tanış olduğunu qeyd edib. Görüşdə Azərbaycanla Afrika İttifaqı arasında birgə humanitar layihələrin də həyata keçirilməsinə maraq nümayiş etdirilib.

Səfir Elman Abdullayev Azərbaycanın Afrika İttifaqı ilə əməkdaşlığının yeni müstəviyəyə qaldırılmasında maraqlı olduğunu qeyd edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi