Azərbaycan və ABŞ-ın dəstəyi ilə süd toplama məntəqəsinin inşası layihəsi başa çatıb

Azərbaycan və ABŞ-ın dəstəyi ilə süd toplama məntəqəsinin inşası layihəsi başa çatıb Tədbirdə səfir Robert Sekuta da iştirak edib
Xarici siyasət
10 Fevral , 2016 15:46
Azərbaycan və ABŞ-ın dəstəyi ilə süd toplama məntəqəsinin inşası layihəsi başa çatıb

Bakı. 10 fevral. REPORT.AZ/ Fevralın 10-da İmişli rayonunun Oruclu, Ağaməmmədli və Cəfərli kəndlərinin sakinləri, yerli icra hakimiyyəti və bələdiyyə nümayəndələri, İqtisadiyyat Nazirliyinin rəsmiləri və ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta süd toplama məntəqəsinin inşası layihəsinin uğurla başa çatması münasibətilə bir araya gəliblər. Bu barədə "Report"a ABŞ səfirliyindən məlumat verilib.

Bu məntəqənin inşası ABŞ və Azərbaycan hökumətləri tərəfindən birgə maliyyələşdirilib və yerli qeyri-hökumət təşkilatı olan Ümid tərəfindən icra olunub.

İmişli rayonunun Oruclu, Ağaməmmədli və Cəfərli icmalarının əsas məşğuliyyəti mal-qara və südçülük təsərrüfatıdır. Hazırda bu ərazidə gündəlik süd istehsalı 4000 litr təşkil edir ki, bu göstərici fəsildən asılı olaraq dəyişir. Normalda fermerlər istehsal etdikləri südün yalnız 50%-ni sata bilir. Yerdə qalan hissəsi isə ailələrin daxili ehtiyacını ödəyir, yaxud satıla və saxlana bilmədikdə xarab olur. Bu faktorlar ev təsərrüfatı ilə məşğul olanların gəlirində nəzərəçarpacaq dərəcədə itkilərə gətirib çıxarır.

Süd toplama məntəqəsinin əsas məqsədi həmin üç icmadan olan kiçik və fərdi təsərrüfatlardan südü toplamaq, saxlamaq və süd emalı müəssisələrinə satmaq olacaq ki, bununla da həmin istehsalçıların stabil və daha yüksək gəliri təmin olunacaq. Məntəqə süd istehsalçılarından toplanan südün keyfiyyətini analiz etmək üçün laboratoriya avadanlığı ilə təmin edilib. Yeni məntəqə həmin üç icmada yaşayan 1200-dən artıq insanın həyat şəraitini və gəlir imkanlarını yaxşılaşdıracaq.

Səfir Sekuta tədbirdəki çıxışında bildirib ki, süd toplama məntəqəsinin inşası əməkdaşlığın nəticəsidir: "Bu üç icma öz prioritetlərini müəyyən etmək, plan hazırlamaq və həmin planı icra etmək məqsədilə saatlarla bələdiyyə və yerli icra hakimiyyəti nümayəndələrilə çiyin-çiyinə işləyiblər. Oruclu, Ağaməmmədli və Cəfərli camaatı hökumət orqanları ilə birgə işləyərək nəyə nail ola biləcəklərinin şahidi oldular". Həmçinin o, öz həyat şəraitini yaxşılaşdırmaq üçün yerli resursları səfərbər etdiklərinə görə icmalara təşəkkür etdib.

Son xəbərlər

Orphus sistemi