Bakı. 30 noyabr. REPORT.AZ/ Azərbaycan Türkdilli Ölkələrin Parlament Assambleyasında (TürkPA) sədrliyi Qazaxıstana verəcək. "Report" Qazaxıstan Parlamenti Məclisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu proses qurumun Astanada keçiriləcək VI plenar iclasının gedişində baş tutacaq.
Xatırladaq ki, dekabrın 3-4-də Astanada TürkPA-nın VI plenar iclası keçiriləcək. İclas iştirakçılarının qurumun tərkibində fəaliyyət göstərən ətraf mühit və təbii resurslar, iqtisadi əməkdaşlıq, sosial, mədəni və humanitar məsələlər, hüquqi məsələlər və beynəlxalq münasibətlər üzrə komissiyaların təkliflərini nəzərdən keçirəcəyi gözlənilir.
Üstəlik, Qazaxıstan və Türkiyədə keçirilən prezident seçkiləri, eləcə də Azərbaycan, Qırğızıstan və Türkiyədə baş tutan parlament seçkiləri ilə bağlı TürkPA-nın müşahidəçi missiyalarının hesabatlarının dinlənilməsi planlaşdırılır.
TürkPA-nın plenar iclasının nəticələrinə əsasən, yekun sənədin - "TürkPA-nın Astana bəyannaməsi"nin qəbul edilməsi nəzərdə tutulub.