Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının Bakı bəyannaməsinin tam mətni açıqlanıb

Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının Bakı bəyannaməsinin tam mətni açıqlanıb Nazirlər növbəti üçtərəfli görüşün Türkiyədə keçirilməsi ilə bağlı razılığa gəliblər
Xarici siyasət
6 Sentyabr , 2017 13:08
Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının Bakı bəyannaməsinin tam mətni açıqlanıb

Bakı. 6 sentyabr. REPORT.AZ/ Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Mixeil Canelidzenin Bakıda keçirilən üçtərəfli görüşünün yekununda bəyannamə qəbul olunub.

"Report" xəbər verir ki, nazirlərin Bakı bəyannaməsində deyilir: 

"Siyasi dialoq və xüsusi üçtərəfli layihələrin yerinə yetirilməsi baxımından mühüm platforma kimi xarici işlər nazirlərinin öncəki Üçtərəfli Görüşlərində qəbul edilmiş Trabzon Bəyannaməsi, Batumi Birgə Komünikesi, Gəncə, Qars və Tbilisi Bəyanatlarına sadiqliklərini vurğulayıblar. 

Üç dövlət arasında ikitərəfli və üçtərəfli əməkdaşlığın yüksəlməsindən məmnunluq ifadə etdilər və strateji tərəfdaşlıq, mehriban qonşuluq, qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlığın daha da genişləndirilməsinə sadiqliklərini bir daha təsdiqləyiblər. 

Dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət və qəti dəstəyi bir daha bəyan ediblər.

Regionda davam edən mövcud münaqişələrin sülh, sabitlik və iqtisadi inkişafa xələl gətirdiyi və beynəlxalq hüququn qeyd edilmiş prinsipləri əsasında siyasi həll tələb etdiyini vurğulayıblar. 

Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda və ətraf bölgələrdə münaqişənin və Gürcüstanda münaqişənin ən qısa zamanda beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında, həmçinin BMT, ATƏT və Avropa Şurasının müvafiq qətnamələri və qərarlarına uyğun olaraq həll edilməsinin labüdlüyünü bir daha bəyan ediblər;

İqtisadi artım və davamlı inkişaf yolu ilə üçtərəfli əməkdaşlığın, xüsusilə də üç ölkə xalqının rifahını təmin edəcək sahələrdə genişləndirilməsinin yeni yollarının üzə çıxarılması üçün öz dövlətlərinin niyyətlərini vurğulayıblar. 

İqtisadi və ticari əməkdaşlığın irəlilədilməsi, bununla da sərmayə qoyuluşu və ticarətin təşviqi baxımından faktiki potensialı qarşılamaq məqsədilə səylərin gücləndirilməsini qərara aldılar; və birgə layihə və proqramlar vasitəsilə enerji, nəqliyyat, telekommunikasiya, sənaye, ətraf-mühit, təhsil, elm, mədəniyyət, turizm və idman sahəsində əməkdaşlığı daha da gücləndirmək qərarına gəliblər. 

Bu xüsusda, 17 fevral 2017-ci il tarixində üç dövlətin iqtisadiyyat nazirlərinin iştirakı ilə keçirilmiş Azərbaycan-Gürcüstan-Türkiyə Biznes Forumunun V Görüşünün əhəmiyyətini qeyd ediblər.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində, Təşkilatın 25-ci ildönümü ilə bağlı 22 may 2017-ci ildə İstanbulda qəbul edilmiş Zirvə Görüşü Bəyannaməsinin ruhuna uyğun olaraq, əməkdaşlığın əhəmiyyətini vurğulayıblar. 

Enerji sahəsində strateji tərəfdaşlığı vurğuladılar və Cənub Qaz Dəhlizinin mühüm tərkib hissəsi olan TANAP layihəsinə, həmçinin Xəzər hövzəsindən Avropaya karbohidrogen ehtiyatlarının nəqlinə yönəlmiş və Azərbaycan, Gürcüstan və Türkiyənin bu layihələrin uğurlu fəaliyyət göstərməsində roluna imkan yaradan enerji layihələrinə tam siyasi dəstəklərini bir daha bəyan ediblər. Enerji sahəsində dialoqun davam etdirilməsinə hazır olduqlarını və enerji mənbələrinin şaxələndirilməsində, həmçinin region daxilində və kənarda enerji daşımaları yollarının təhlükəsizliyi də daxil olmaqla, təchizat təhlükəsizliyinin gücləndirilməsində enerji layihələrinin əhəmiyyətini qeyd ediblər.

Tarixi İpək Yolunun dirçəldilməsi və qorunub-saxlanılması məqsədilə üçtərəfli əməkdaşlığın əhəmiyyətini qeyd etdilər və İpək Yolu boyunca nəqliyyat, enerji, ticarət, mədəniyyət və turizm və insanlararası təmaslar sahəsində əməkdaşlığın daha da genişləndirilməsini vurğulayıblar.

Bu xüsusda, 28-29 noyabr 2017-ci il tarixində Tbilisidə keçiriləcək “Tbilisi Kəməri və Yolu Forumu”nda yüksək səviyyəli iştirakın əhəmiyyətini diqqətə çatdırıblar. 

Strateji əhəmiyyətə malik irimiqyaslı nəqliyyat layihələrinin üç dövlətin iqtisadi inkişafı baxımından mənfəətli olacağına və Asiya və Avropa arasında rəqabətədavamlı daşımaları asanlaşdıracağına əminlik ifadə edərək, bu xüsusda, Bakı-Tbilisi-Qars dəmiryolunun ən qısa zamanda fəaliyyətə başlamasının xüsusi əhəmiyyətini qeyd ediblər. 

Ticarət və iqtisadi inkişaf üçün münbit şərait yaradılması, habelə beynəlxalq sərnişin və yük daşımalarının həcminin artırılmasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikasının ərazisindən Şərq-Qərb/Orta Nəqliyyat Dəhlizinin tam reallaşdırılmasına xüsusi diqqəti bir daha təsdiq ediblər. Bu kontekstdə, bütün beynəlxalq və regional maliyyə təsisatlarını müvafiq nəqliyyat dəhlizləri və yollarının maliyyələşdirilməsinə tövfə verilməsinin təşviqi barəsində razılaşdırıblar.

Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Çindən Avropaya yük daşımalarının asanlaşdırılması və Asiya və Avropa arasında nəqliyyat əlaqələndirməsini artırmağa yönəlmiş Trans-Xəzər beynəlxalq Nəqliyyat Yolunun böyük inkişaf potensialına malik olduğunu vurğulayıblar. 

Regionda rəqəmsal bərabərsizliyin azaldılması/aradan qaldırılması məqsədilə üç dövlət arasında informasiya strukturlarının yaradılması və fəaliyyətə başlaması istiqamətində sıx və davamlı əməkdaşlığın əhəmiyyətini vurğuladılar və bu xüsusda, Trans-Avrasiya Super İnformasiya Magistralı layihəsinin, Magistralın Trans-Xəzər yolunun inkişaf etdirilməsi də daxil olmaqla, tezliklə reallaşdırılmasına töhfə verməyə dair sadiqliklərini bir daha bəyan ediblər.

Dəniz və su nəqaliyyatı kimi davamlı nəqliyyat vasitələrinin effektiv inteqrasiyası ilə nəqliyyat hərəkətinin təhlükəsizliyinin artırılması, ətraf-mühit, enerji səmərəliliyi və daha təhlükəsiz nəqliyyat fəaliyyətlərinə dair davamlı inkişaf məqsədlərinə nail olunması məqsədilə Xəzər regionunda intermodal nəqliyyat xidmətlərinin daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıblar. 

Regionda ekeloji tarazlığın saxlanılması məqsədilə ətraf-mühitin mühafizəsi, meşəçilik, torpaq resurslarının istifadəsi və su resurslarının idarəçiliyi sahəsində məlumat və təcrübə mübadiləsinin gücləndirilməsinin əhəmiyyətini qeyd ediblər;

Keçən dövr ərzində baş tutmuş üçtərəfli treyninq və təlimlər, yüksək səviyyəli görüşləri qeyd edərək, müdafiə sahəsində üçtərəfli əməkdaşlığın əhəmiyyətini vurğuladılar və gələcəkdə fəal əməkdaşlığın davam etdirilməsinə hazır olduqlarını bəyan ediblər.

Terrorçuluq, ekstremizm və separatçılığın bütün forma və təzahürlərinin, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik maddələr və prekursorlar, qeyri-qanuni silah ticarəti, insan alveri, mədəni və tarixi irsə qarşı cinayətlər, kibercinayətlər və miqrant qaçaqmalçılığına qarşı mübarizədə əməkdaşlığın gücləndirilməsinə sadiqliklərini bir daha bəyan ediblər.

Azərbaycan və Gürcüstan bir daha Türkiyədə 15 iyul 2017-ci il tarixli uğursuz çeviriliş cəhdi törədicilərinin fəaliyyətini qınayıb və hər iki dövlət Türkiyə ilə sıx əməkdaşlığı qeyd ediblər və Türkiyənin demokratik yolla seçilmiş prezident və hökumətinə qətiyyətli dəstəyi bir daha bəyan ediblər.

Etnik, irqi, dini və inanc zəminində olan dözümsüzlük və ayrı-seçkiliyin bütün formalarını qınayaraq və müxtəlif mədəniyyətlər, sivilizasiyalar və xalqlar arasında dözümlülük, hörmət, dialoq və əməkdaşlığın təşviq edilməsinin vacibliyini vurğulayaraq, 25-27 aprel 2017-ci il tarixində Bakı şəhərində keçirilmiş BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun əhəmiyyətini qeyd etdilər;

2017-2019-cu illər üzrə Üçtərəfli Sahəvi Əməkdaşlığa dair Faəliyyət Planının qəbul edilməsinin vacibliyini bildiriblər və müvafiq nazirliklər və agentlikləri Faəliyyət Planının müddəalarının yerinə yetirilməsi istiqamətində səy göstərməyə təşviq ediblər.

Xalqlar arasında insanlararası təmasların daha da genişləndirilməsinə xidmət edəcək mədəniyyət, təhsil, səhiyyə, gənclərin mübadiləsi, turizm və idman sahəsi də daxil olmaqla, humanitar sahədə əməkdaşlığın əhəmiyyətini vurğuladılar və bu sahələrdə birgə layihə və tədbirlərin təşəbbüskarı olmağa və təşviqinə hazır olduqlarını ifadə ediblər.

Ümumi maraq kəsb edən regional və qlobal məsələlər ətrafında üçtərəfli dialoqun daha da intensivləşdirilməsi, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əlaqələndirmənin gücləndirilməsi istiqamətində qərarlıqlarını bir daha təsdiq ediblər".

XİN başçıları növbəti üçtərəfli görüşün Türkiyədə keçirilməsi ilə bağlı razılığa gəliblər. 

Son xəbərlər

Orphus sistemi