Azərbaycan Tbilisidə aviasiya təhlükəsizliyi ilə bağlı keçirilən beynəlxalq seminarda təmsil olunub

Azərbaycan Tbilisidə aviasiya təhlükəsizliyi ilə bağlı keçirilən beynəlxalq seminarda təmsil olunub "Son illər, xüsusilə də 2016-cı ildə törədilmiş terror aktları bütün dövlətləri ciddi narahat edir"
Xarici siyasət
14 Sentyabr , 2016 16:08
Azərbaycan Tbilisidə aviasiya təhlükəsizliyi ilə bağlı keçirilən beynəlxalq seminarda təmsil olunub

Tbilisi. 14 sentyabr. REPORT.AZ/ Bu gün Tbilisidə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) təşkilatçılığı ilə “Aviasiya təhlükəsizliyi” mövzusunda beynəlxalq seminar keçirilib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, tədbirdə əsasən aeroportlarda aviasiya təhlükəsizliyi tədbirlərinin gücləndirilməsi metodları müzakirə olunub.

Azərbaycanı tədbirdə Dövlət Mülki Aviasiya Administrasiyasının Aviasiya təhlükəsizliyi şöbəsinin müdiri Mübariz Əliyev təmsil edib. O seminarda çıxış edib, ölkəmizdə aviasiya təhlükəsizliyinin – sərnişinlərin, yüklərin, aviasiya işçilərinin təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlərdən, dövlətin bu sahəyə ayırdığı diqqətdən danışıb.

M.Əliyev “Report”a müsahibəsində deyib ki, seminarda aviasiya təhlükəsizliyi problemləri əsas diqqət mərkəzində olub, İCAO-nun ekspertlərinin təqdim etdikləri sənədlərə baxılıb. Bu sənədlərin gələcəkdə İCAO-nun aviasiya təhlükəsizliyinə dair 17-ci və formallığın sadələşdirilməsinə dair 9-cu əlavələrinə uyğunlaşdırılması məsələlərinə baxılıb.

Eyni zamanda, seminarda Mərkəzi Asiya və Şərqi Avropa dövlətlərinin ekspertlərinin təklifləri, Qazaxıstanda və Fransada keçirilmiş seminarlarda qaldırılmış məsələlər də müzakirə olunub. Həmin təkliflər əsasən aviasiya təhlükəsizliyinin təminin olunması, təhlükəsizlik tədbirlərinin genişləndirilməsi və gücləndirilməsi, həmçinin dövlət tərəfindən bu məsələlərə maliyyə vəsaitinin ayrılmasına nail olunması ilə əlaqədardır.

M.Əliyev bildirib ki, son illər, xüsusilə də 2016-cı ildə törədilmiş terror aktları bütün dövlətləri ciddi narahat edir: "Ona görə də biz bu problemin həllinə nail olmaq üçün müxtəlif yollar axtarırıq”.

Şöbə müdirinin sözlərinə görə, terror aktlarının bəziləri hava limanlarının nəzarət olunmayan hissələrində baş verib: "Nəzarət edilməyən zonalara insanların sərbəst şəkildə keçmək imkanları olan sərnişin terminalları, bu terminalların qarşısı və s. ərazilər daxildir. 2011-ci ildə Moskvanın Domodedovo aeroportundan baş vermiş terror aktından sonra bütün ölkələr aeroportların girişinə nəzarət etməyi gücləndirdi. Brüssel və İstanbul aeroportlarında törədilən partlayışlar və terror hücumları aviasiya təhlükəsizliyi tədbirlərinin nəinki nəzarət edilən zonalarda, həmçinin nəzarət edilməyən zonalarda gücləndirilməsi zərurətini yaratdı. Bunun üçün də dövlətlər bu məsələyə kifayət qədər diqqət ayırmalı, aeroportlara maliyyə dəstəyi göstərilməlidir. Lakin təəssüf ki, hələ də bəzi dövlətlər bu məsələyə yetərincə diqqət yetirmirlər". 

O vurğulayıb ki, seminarda aviasiya təhlükəsizliyinin təmin olunması ilə əlaqədar bu və digər məsələlər diqqət mərkəzində olub: "İnanırıq ki, aviasiya təhlükəsizliyi tədbirlərinin gücləndirilməsinin bütün dövlətlər tərəfindən məcburi qaydada həyata keçirilməsi məsələsi öz həllini tapacaq". 

Son xəbərlər

Orphus sistemi