Azərbaycan səfirliyi Livanda yaşayan azərbaycanlılara xəbərdarlıq edib

Azərbaycan səfirliyi Livanda yaşayan azərbaycanlılara xəbərdarlıq edib Ramil Bağırov: "Hazırda Beyrutda vəziyyət sabitdir, hər hansı bir gərginlik yoxdur"
Xarici siyasət
26 Avqust , 2015 14:24
Azərbaycan səfirliyi Livanda yaşayan azərbaycanlılara xəbərdarlıq edib

Bakı. 26 avqust. REPORT.AZ/ Azərbaycanın Livandakı səfirliyi paytaxt Beyrutda keçirilən kütləvi aksiyalarla bağlı bu ölkədə yaşayan azərbaycanlılara xəbərdarlıq edib. 

Müvəqqəti olaraq Beyrutda yerləşən Azərbaycanın Livan və Suriyadakı səfirliyinin attaşesi Ramil Bağırov "Report"a açıqlamasında deyib ki, mitinqlərlə əlaqədar yaranmış vəziyyətə görə Beyrutda yaşayan Azərbaycan vətəndaşları ilə daim əlaqə saxlayırlar: "Biz vətəndaşlarımızı mitinqlər keçirilən yerlərdən uzaq olmağa çağırırıq".

Onun sözlərinə, hazırda Beyrutda vəziyyət sabitdir, hər hansı bir gərginlik müşahidə olunmur: "Azərbaycan vətəndaşları ilə bağlı heç bir problem yoxdur. Ümumilikdə konsulluqda 20-30 azərbaycanlı qeydiyyatdadır. Onlar da əsasən yerli vətəndaşlarla ailə quran azərbaycanlı qadınlardır və bir neçə tələbə var. Biz onlarla daim ünsiyyətdəyik. Azərbaycan vətəndaşlarına demişik ki, mitinqlər keçirilən yerlərə getməsinlər. Səfirlik özü də mitinq olan yerlərdən uzaqda yerləşir. Mitinqlər əsasən şəhərin mərkəzindədir, səfirliyimiz də bu ərazilərdən aralıdadır, orada da vəziyyət sakitdir".

R.Bağırov qeyd edib ki, Beyrutdakı mitinqlərlə əlaqədar Azərbaycanın diplomatik nümayəndəliyində əlavə təhlükəsizlik tədbirlərinin görülməsinə ehtiyac yaranmayıb: "Səfirlik əvvəlki qaydada işləyir". 

Qeyd edək ki, son zamanlar Livan paytaxtı Beyrutun küçələrində yığılıb qalan zibillərin daşınmamasına etiraz olaraq keçirilən mitinqlər sonradan kütləvi ixtişaşlara çevrilib. Aksiya iştirakçıları tələblərini genişləndiriblər və hökumətin istefasını tələb ediblər. Polis etirazçılara qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib. Son gün ərzində onlarla insan xəstəxanaya yerləşdirilib və aksiyalarda iştirak edən 40-dan çox şəxs həbs olunub. 

Son xəbərlər

Orphus sistemi