Yuxarı
    Bağlamaq

    Azərbaycan səfirliyi Litvada ermənilərin təxribatının qarşısını alıb

    Məsələ ilə bağlı səfirlik tərəfindən dərhal Litva XİN-ə müvafiq müraciət ünvanlanıb

    Bakı. 6 iyul. REPORT.AZ/ Azərbaycanın Litvadakı səfirliyi ermənilərin təxribatının qarşısını alıb.

    Səfirlikdən "Report"a verilən məlumata görə, Ermənistanın Litvadakı səfirliyinin Litva-Ermənistan Alyansı ilə birgə Vilnüs şəhərinin “Vartai” (Qapı) sərgi qalereyasında "Artsax: köhnə diyarda yeni dövlət" adlı sərgi təşkil etdiyi və sərgidə Azərbaycanın işğal altındakı ərazilərinə dair şəkillərin nümayiş olunduğu aşkarlanıb.

    Məsələ ilə bağlı səfirlik tərəfindən dərhal Litva XİN-ə müvafiq müraciət ünvanlanıb, qalereyanın rəhbərliyi ilə görüş keçirilib. Görüşdə, Azərbaycanın ərazisindəki işğalçı rejimin siyasi təbliğatı məqsədini daşıyan təxribat xarakterli sərginin qalereyada nümayiş edilməsinin birbaşa Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəldiyi və tam olaraq Litvanın rəsmi mövqeyinə zidd olduğu vurğulanıb. Sərginin Azərbaycan – Litva arasındakı dostluq münasibətlərinə xələl gətirdiyi vurğulanaraq, şəkillərin yığışdırılması xahiş edilib.

    Qalereyanın rəhbəri onlara məxsus sərgi salonunda Azərbaycana qarşı yönəlmiş tədbirin keçirilməsindən təəssüflədiyini qeyd edib. O, ermənilər tərəfindən sərginin mahiyyəti haqqında düzgün məlumat verilmədiyindən, eləcə də qalereyanın adının təhrif edilərək “Vartai” (Qapı) əvəzinə “Menu vartai” (İncəsənət qapısı) kimi yazılmasından özünü aldadılmış hiss etdiyini vurğulayaraq, qısa müddət ərzində səkillərin yığışdırılacağını bildirib.

    Görüşdən yarım saat sonra şəkillər yığışdırılıb və salona giriş bağlanılıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi