Azərbaycan səfirinə Macarıstanın “Xidmətlərinə görə” ordeni təqdim olunub

Azərbaycan səfirinə Macarıstanın “Xidmətlərinə görə” ordeni təqdim olunub Bakı. 17 yanvar. REPORT.AZ/ Macarıstan Xarici İşlər və Ticarət Nazirliyində Azərbaycanın bu ölkədəki səfiri Vilayət Quliyevə “Xidmətlərinə görə” ordeninin təqdimolunma mərasimi keçirilib.
Xarici siyasət
17 Yanvar , 2018 16:44
Azərbaycan səfirinə Macarıstanın “Xidmətlərinə görə” ordeni təqdim olunub

Bakı. 17 yanvar. REPORT.AZ/ Macarıstan Xarici İşlər və Ticarət Nazirliyində Azərbaycanın bu ölkədəki səfiri Vilayət Quliyevə “Xidmətlərinə görə” ordeninin təqdimolunma mərasimi keçirilib.

Səfirlikdən "Report"a verilən məlumata görə, tədbirdə Macarıstan XİN-in rəsmiləri, KİV təmsilçiləri və Səfirliyin əməkdaşları iştirak ediblər.

Tədbir Macarıstan XİN-in dövlət katibinin müavini Jolt Çutora açaraq səfir Vilayət Quliyevin məhz Azərbaycanla Macarıstan arasında siyasi, iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsi sahəsində xidmətlərinə görə bu ordenlə təltif olunduğunu bildirib. O, Vilayət Quliyevlə tanışlığının 20 ilə yaxın tarixi olduğunu söyləyərək xatirələrini bölüşüb, Azərbaycanın ictimai-siyasi həyatında, dövlət idarəçiliyi sistemində xüsusi xidmətləri olmuş, elm və ədəbiyyat sahəsində öz sözünü demiş və yüksək insani keyfiyyətlərə malik belə bir diplomatla, alimlə münasibətlərinin dostluğa çevrilməsindən məmnunluğunu ifadə edib.

Sonra Macarıstan XİN-in Mərkəzi Avropa və Şərq departamentinin direktoru Antal Heizer çıxış edərək Vilayət Quliyevin Azərbaycanla Macarıstan arasında əlaqələrin inkişaf etdirilməsindəki rolundan geniş bəhs edib və səfirin Macarıstan prezidenti tərəfindən belə yüksək ordenlə təltif edilməsinin bu xidmətlərin nəticəsi olduğunu diqqətə çatdırıb.

Bundan sonra Macarıstanın “Xidmətlərinə görə” ordeni Vilayət Quliyevə təqdim olunub.

Daha sonra Vilayət Quliyev çıxış edərək ona göstərilən yüksək etimada görə Macarıstan prezidentinə, hökumətinə, o cümlədən Xarici İşlər və Ticarət Nazirliyinə öz minnətdarlığını bildirib.

Səfir son dövrlər münasibətlərin yüksələn xətlə inkişaf etdiyini deyərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü ilin noyabr ayında Macarıstana və Macarıstanın baş naziri Viktor Orbanın 2016-cı ilin mart ayında Azərbaycana səfərlərinin ikitərəfli əlaqələrin daha da dərinləşməsinə xüsusi təkan verdiyini qeyd edib.

Hazırda iki dövlət arasında yüksək etimada və siyasi dialoqa əsaslanan strateji tərəfdaşlıq münasibətlərinin mövcud olduğunu vurğulayan Vilayət Quliyev əlaqələrin inkişaf etdirilməsində Səfirliyin rolundan danışıb və bu istiqamətdə səylərin gələcəkdə daha da artırılacağını vurğulayıb.

Qeyd edək ki, V.Quliyev Macarıstan prezidentinin 2017-ci il iyulun 27-də imzaladığı fərmanla “Xidmətlərinə görə” ordeni ilə təltif edilib.

Son xəbərlər

Orphus sistemi