Bakı. 26 yanvar. REPORT.AZ/ Azərbaycan Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin Milli Assambleyasının Xarici Əlaqələr Komitəsinin sədri Aveys Əhməd Xan Leqari ilə görüşüb.
Azərbaycanın Pakistandakı səfirliyindən "Report"a verilən məlumata görə, Pakistanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu qeyd edən səfir ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdiyini bildirib.
Səfir Azərbaycan torpaqlarını işğal etdiyi üçün Ermənistanı bir dövlət kimi tanımadığına görə, həmçinin, bu ilin fevral ayında 25-ci ildönümü tamam olacaq, təcavüzkar Ermənistan tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən Xocalı Soyqrımı ilə bağlı Pakistan Senatının Xarici Əlaqələr Komitəsi tərəfindən 2012-ci ildə qəbul edilmiş qətnamənin Azərbaycan dövləti və xalqı tərəfindən yüksək qiymətləndirildiyini bildirib.
Əli Əlizadə Azərbaycan və Pakistan parlamentləri arasında mövcud olan sıx əlaqələri vurğulayıb, iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin yaranmasında Pakistan Milli Assambleyasının da önəmli rolunun olduğunu qeyd edib.
Pakistan Milli Assambleyasının Xarici Əlaqələr Komitəsinin sədri Azərbaycana səfər etdiyini, ölkə haqqında xoş təəsüratlarının olduğunu vurğulayıb. O, Azərbaycanın Kəşmir məsələsi ilə bağlımövqeyinə görə təşəkkür edib, Xocalı soyqrımının unudulmadığını bildirib.
Görüşdə həmçinin, Pakistan Milli Assambleyasının Xarici Əlaqələr Komitəsi ilə qarşılıqlı müəyyən layihələrin həyata keçirilməsi ilə də bağlı fikir mübadiləsi də aparılıb.