Yuxarı
    Bağlamaq

    Azərbaycan səfiri Litvanın baş naziri ilə görüşüb

    Həsən Məmmədzadə Azərbaycanın baş naziri Artur Rasi-zadə tərəfindən Saulüs Skvernyalisin adına ünvanlanan təbrik məktubunu təqdim edib

    Bakı. 27 fevral. REPORT.AZ/ Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə bu ölkənin baş naziri Saulüs Skvernyalis ilə görüşüb. 

    Azərbaycanın Litvadakı səfirliyindən "Report"a verilən məlumata görə, görüşdə iki ölkə arasındakı mövcud siyasi və iqtisadi əlaqələr və bu əlaqələrin genişləndirilməsi perspektivləri, o cümlədən humanitar və turizm sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.

    Baş nazir Litva və Azərbaycan arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edərək, iki ölkə arasındakı mövcud siyasi, iqtisadi və humanitar sahələrdəki əlaqələrin inkişafından məmnunluq ifadə edib və ölkəsinin Azərbaycana siyasi dəstək verdiyini vurğulayıb.

    Səfir H.Məmmədzadə Azərbaycanın baş naziri Artur Rasi-zadə tərəfindən Saulüs Skvernyalisin adına ünvanlanan təbrik məktubunu təqdim edib və eləcə də öz adından onu baş nazir təyin edilməsi münasibətilə təbrik edərək, yeni vəzifədə uğurlar arzulayıb. Eyni zamanda, cari ilin 5-6 may tarixlərində Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edildiyini baş nazirin diqqətinə çatdırıb.

    Daha sonra, səfir iki ölkə arasında siyasi, iqtisadi və humanitar əlaqələrin inkişaf etdiyini bildirib. Səfir 2012-ci ildən başlayaraq Litvanın 5 universitetinin “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na daxil edildiyini, bununla yanaşı Litva Təhsil Fondu tərəfindən hər il üç nəfər Azərbaycanlı magistratura tələbəsi üçün dövlət təqaüdünün ayrıldığını qeyd edib və hazırda Litvanın ali məktəblərində təhsil alan azərbaycanli tələbələrin sayının 200 nəfərdən artıq olduğunu vurğulayıb.

    İki ölkə arasında tarixi oxşarlığın olduğunu qeyd edən səfir Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyi üçün Litva tərəfinə minnətdarlığını bildirib.

    Baş nazir Azərbaycana dəvət üçün təşəkkürünü bildirərək öz komandası ilə birgə Litva-Azərbaycan əlaqələrin genişləndirilməsi istiqamətində səy göstərəcəyini qeyd edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi