Azərbaycan səfiri Litva hökumətinə və Parlamentinə təşəkkür edib

Azərbaycan səfiri Litva hökumətinə və Parlamentinə təşəkkür edib “105 il bundan əvvəl, 1918-ci il 28 May tarixində Şərqdə ilk demokratik parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Bu respublika həm də dünyada qadınlara ilk səsvermə hüququ tanıyan ölkələrdəndir. Lakin 1920-ci ildə bolşevik istilas
Xarici siyasət
30 May , 2023 23:57
Azərbaycan səfiri Litva hökumətinə və Parlamentinə təşəkkür edib

“105 il bundan əvvəl, 1918-ci il 28 May tarixində Şərqdə ilk demokratik parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Bu respublika həm də dünyada qadınlara ilk səsvermə hüququ tanıyan ölkələrdəndir. Lakin 1920-ci ildə bolşevik istilası nəticəsində AXC süquta uğramışdır”.

“Report”un Vilnüs müxbirinin verdiyi məlumata görə, bu sözləri Azərbaycanın Litvadakı səfiri Tamerlan Qarayev 28 May Müstəqillik Günü ilə əlaqədar Vilnüsdə keçirilən tədbirdə deyib.

Səfir Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etməsindən də söz açıb:

“1991-ci ildə isə Sovet İttifaqının dağılması ilə Azərbaycan müstəqilliyini bərpa edib. Ancaq ondan əvvəl-1990-cı il 19-20 Yanvar tarixində Sovet İttifaqı Bakıya qoşun yeritdi, qadınlar və uşaqlar daxil olmaqla yüzlərlə sivil insan bu terrora məruz qaldı. Həmin qarışıq dövrdə qonşumuz Ermənistan sovet ordusunun dəstəyi ilə Azərbaycan ərazisinin 20 faizini işğal etdi.

Həmin dövrdə ermənilər həm azərbaycanlılara qarşı soyqırımı törətdilər, həm də Ermənistanın azərbaycanlılar yaşayan hissəsində və Azərbaycanın Qarabağ regionunda etnik təmizləmə həyata keçirdilər. Nəticədə Azərbaycan bir milyona yaxın qaçqını və məcburi köçkünü qısa bir vaxtda qalacaq yerlə təmin etmək məcburiyyətində qaldı.

Demək olar ki, 30 il ərzində Azərbaycan ərazi bütövlüyünün sülh yolu ilə bərpası üçün böyük diplomatik yolla danışıqlar apardı. Lakin beynəlxalq təşkilatların bu istiqamətdə lazımi addımları atmadığını gördükdə Azərbaycan məsələni özü həll etmək məcburiyyətində qaldı. 2020-ci ilin payızında isə Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ərazilərimizi işğaldan azad etdi. 44 günlük Vətən müharibəsi ilə ərazi bütövlüyümüz bərpa olundu. Savaş bitib və bu gün Azərbaycan hökuməti regionda dayanıqlı sülhü təmin edilməsi, eləcə də Ermənistan tərəfindən 30 il ərzində barbar şəkildə darmadağın edilən ərazilərin yenidən qurulması və bərpası üçün ciddi səy göstərir”.

Tamerlan Qarayev Azərbaycan - Litva münasibətlərindən də söz açıb:

“Litva hökumətinə və Parlamentinə dəstəklərinə görə minnətdarıq. Litva Avropa İttifaqındakı doqquz ölkədən biridir ki, Azərbaycanla strateji əməkdaşlığa malikdir. Biz bu əlaqələrin daha da inkişaf edəcəyinə inanırıq. Son illərdə əlaqələrimiz ciddi şəkildə gücləndirilib. Ötən il Litva prezidenti Gitanas Nauseda Azərbaycana rəsmi səfər etdi.

Həmçinin Litvanın xarici işlər naziri Qabrielius Landsberqis Azərbaycana iki dəfə səfər edib. Litva-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri də Azərbaycanda rəsmi səfərdə olub. Eyni zamanda ötən il Azərbaycan Respublikası Milli Məclisin sədri Sahibə Qafarova Litvaya səfər edib. Bu il isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Litvada rəsmi səfərdə olublar. Bu səfərlər çərçivəsində Azərbaycan-Litva İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası və Vilnüsdə Biznes Forumu keçirilib. Hazırda isə Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nəsib Məhəməliyev və qrupun üzvü Rasim Musabəyov da xüsusi qonaq qismində aramızdadır. Bir daha bütün qonaqlara iştiraklarına görə təşəkkür edirəm”.

Son xəbərlər

Orphus sistemi