Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev bu ölkənin barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Tea Axvlediani ilə görüşüb.
“Report”un yerli bürosu xəbər verir ki, səfirin təşəbbüsü ilə keçirilən görüş tanışlıq xarakteri daşıyıb.
Görüşdə F.Quliyev dövlət nazirinin aparatı ilə gələcək əməkdaşlıq üzrə təkliflər irəli sürüb. T.Axvlediani, öz növbəsində, rəhbərlik etdiyi qurumun fəaliyyəti, həmçinin vətəndaş bərabərliyi və inteqrasiya sahəsində əldə olunan nailiyyətlər və bu istiqamətdə dövlət siyasəti və strategiyasının əsas vəzifələri barədə məlumat təqdim edib.
Müzakirələr zamanı Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq, həmçinin bölgədə sülh və sabitliyin önəmi vurğulanıb.
Görüşün sonunda tərəflər əməkdaşlığın davam etdirilməsinə hazırlıq ifadə ediblər.